ASK Varşavada iki yeni müqavilə imzaladı
Azərbaycan prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi, hökumət nümayəndələrimizin, eyni zamanda sahibkarlarımızın Polşa səfəri uğurlu nəticələr verib. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin də təmsil olunduğu görüşlər Polşanın müvafiq qurumları ilə ASK arasında bir neçə müqavilənin bağlanmasına səbəb olub. Polşa-Azərbaycan biznes-forumunda anlaşma memorandumlarının da imzalanma mərasimi keçirilib.
1990-ci ildə təsis edilən, Polşanın ən böyük biznesə dəstək təşkilatı hesab olunan, 150-dən çox biznes təşkilatını ətrafında birləşdirən (bunların sırasına 65 Sənaye Palatası, 59 Regional Palata, 18 İkitərəfli Palata və 14 Assosiasiya, İşəgötürənlər birlikləri və s. daxildir) Polşa Ticarət Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası qarşılıqlı əməkdaşlıq barədə saziş imzalayıb. Anlaşma memorandumunu ASK-nın prezidenti Məmməd Musayev və Polşa Ticarət Palatasının prezidenti Andjey Arendarski imzalayıblar.
Növbəti əməkdaşlıq müqaviləsi isə Polşa İşəgötürənlər Konfederasiyası ilə bağlanılıb. 1989-cu ildən bəri fəaliyyət göstərən, sıralarına 12 minə yaxın sahibkar və işəgötürən təşkilatları daxil olan Polşa İşəgötürənlər Konfederasiyası arasında əməkdaşlığa dair ikitərəfli sazişi ASK-nın prezidenti Məmməd Musayev və Polşa İşgötürənlər Konfederasiyasının prezidenti Andjey Malinovski imzalayıblar.
Hər iki saziş ölkələrin biznes icmaları arasında səmərəli ticarət və iqtisadi əlaqələrinin inkişafı, yeni imkanların, eyni zamanda, ticarət və investisiyaların təşviqi, təşkilatların üzvləri arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsi məqsədi daşıyır.
Qeyd edək ki, 27 iyun 2017-ci il tarixində Varşava şəhərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Polşanın İnvestisiya və Ticarət Agentliyinin (PAIH) birgə təşkilatçılığı ilə keçirilən Polşa-Azərbaycan Biznes Forumunda 60-a yaxın iş adamı iştirak edib.