Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasimi keçirilib. İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edərək bildirib ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni rolunu müəyyən edir: “Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb. Cənab Prezidentin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatların tərkib hissəsi kimi Rəqəmsal Ticarət Qovşağı regional əhəmiyyət daşıyır.”
Daha sonra Azexport portalının rəhbəri Zaur Qardaşov Rəqəmsal Ticarət Qovşağının elektron versiyasının təqdimatını edib. Zaur Qardaşov bildirib ki, Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi və elektron imza, o cümlədən ASAN imzanı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq. Bundan başqa Qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən, ASAN imzadan istifadə edərək, Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək. Portal vasitəsi ilə bu əməliyyatların elektron qaydada reallaşdırılması qaydaları sahibkarlara təqdim olundu.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatında ixracın genişləndirilməsi, investiyaların cəlbi baxımından əhəmiyyətlidir.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, sahibkarların qlobal bazarlara çıxması və yeni texnologiyalardan faydalanması baxımından Rəqəmsal Ticarət Qovşağı vacib rola malikdir.
Rəqəmsal Ticarət Qovşağının təqdimat mərasimində Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı ilə bağlı bir neçə tanıtım çarxı nümayiş etdirildi. Bunlardan biri sahibkarların Azexport portalına cəlb edilməsi məqsədi daşıyırdı. Diqqət çəkən məqam o idi ki, bu çarx Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bundan öncə Azexport portalı ilə bağlı söylədiyi fikirlər və dövlət başçısının sahibkarlara çağırışı üzərində qurulub. Video çarxda dövlətin bu portal vasitəsilə sahibkarlara yaratdığı imkanlar konkret faktlar əsasında təsvir olunur. Digər çarx Rəqəmsal Ticarət Qovşağının mahiyyətini və onun yaratdığı perspektivləri əks etdirir. Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı başqa bir çarxda Qovşaqla bağlı Estoniyanın Dövlət İdarəçiliyi naziri Mixail Korb, “Silikon Vadisi”nin nümayəndəsi İngrid Rosten, ABŞ-ın Corctaun Universitetinin təmsilçisi Sam Potolikkio, Almaniya Şərqi Avropa İqtisadi Əlaqələri Komitəsinin icraçı direktoru Maykl Harms kimi tanınmışlar Rəqəmsal Ticarət Qovçağı barədə öz rəy və proqnozlarını bildiriblər. Bu fikirlərdə Rəqəmsal Ticarət Qovşağının qısa zaman kəsiyində nəzərdə tutulduğu kimi beynəlxalq bir layihəyə çevriləcəyi əks olunub. Sonuncu çarx isə Azexport portalının bir növ imic reklamıdır. Bu çarxda Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri – Çingiz Abdullayev, Fəxriyyə Xələfova, Faiq Ağayev, Rahib Azəri portalı tanıtımını həyata keçirirlər. Bu şəxslərin hamısı Azexport portalını Azərbaycanda və xaricdə təmsil edən ”ulduz səfirlər”dir. Çarxda hər bir Azərbaycan sahibkarına bu portalda təmsil olunmağa çağırış var. Eyni zamanda Azexport-un bir Azərbaycan brendi olduğu və onda ölkəmizdə istehsal olunan ən yaxşı malların toplandığı göstərilir. Başqa sözlə çarxda Azexport portalı məcazi mənada Azərbaycanın qeyri-neft sektorunun siması kimi təqdim olunur.
Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasiminin sonunda iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.