skip to Main Content

Kiçik və Orta Sahibkarlıq inkişaf etdiriləcək

Kiçik Və Orta Sahibkarlıq Inkişaf Etdiriləcək

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin nümayəndələri Azərbaycanda səfərdədir. Yaxın müddətdə Beynəlxalq ekspertlər ölkəmizdə Kiçik və Orta Sahibkarlığın inkişafı ilə bağlı  layihə həyata keçirəcək. KOS-ların inkişafı “Strateji Yol Xəritəsi”ndə öz əksini tapdığından Azərbaycan hökuməti bu sahədə hədəflərə nail olmaq üçün  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlıqda maraqlıdır. Təşkilat ölkəmizdə KOS-ın problemlərini öyrənməklə yanaşı, onların inkişafı istiqamətində də layihələr həyata keçirəcək. Əməkdaşlıq çərçivəsində yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının daha da asanlaşdırılması, eləcə də xarici investorların ölkəmizdə qeyri- neft sektorunun hansı sahələrinə maraq göstərməsi istiqamətində intensiv iş görüləcək. Bu sahədə müsbət nəticələrin əldə olunması üçün dövlət və özəl sekrorun faydalı əməkdaşlığı nəzərdə tutulur. Sözügedən layihə reallaşdıqca Azərbaycan məhsullarının həm keyfiyyəti  artacaq, həm də yerli məhsullara tələbat yüksələcək, hazırda KOS üçün  çətin görünən beynəlxalq əməkdaşlıq məsələləri daha əlçatan olacaq.

Bütün bunlar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov ilə  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr Katibliyinin nümayəndələri ilə görüşündə müzakirə edilib. Görüş zamanı  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı üzrə Layihəsi müzakirə edilib.

ASK haqqında qonaqlara ətraflı məlumat təqdim edən  Fuad Hümbətov,  Konfederasiyanın beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Qeyd edib ki, dövlət və özəl sektor münasibətlərinin inkişafı istiqamətində fəaliyyət göstərən Konfederasiya sahibkarların xarici bazarlara çıxış imkanlarının asanlaşdırılmasına da səy göstərir. Odur ki, layihənin həyata keçirilməsində ASK lazımı dəstəyi göstərəcək. Dünya iqtisadiyyatının 60%-nin KOS-ların hesabına formalaşdığını vurğulayan F.Hümbətov Azərbaycanda da bu göstəricilərin artması istiqamətində iş aparıldığını deyib. ASK üzvlərinin, xüsusilə də KOS-ların maarifləndirilməsi, maliyyə bazarlarına çıxış imkanlarının asanlaşdırılması, xarici investorlarla əməkdaşlıq imkanlarının qurulması istiqamətində də iş aparır.

Daha sonra qonaqlar – Avrasiya Şöbəsinin rəhbəri Uilyam Tompson (William Tompson) İƏİT (OECD), Avrasiya Rəqabətqabiliyyətlilik Proqramı üzrə Layihə meneceri Daniel Kvodbek (Daniel Quadbeck) əməkdaşlıqla bağlı daha bir neçə sahə üzrə müzakirələr aparıblar.

 

 

Back To Top