Hindistan şirkətləri Azərbaycanın tikinti sektorunda biznes imkanlarını araşdırırlar
Azərbaycanda həyata keçirilən layihələr və qarşılıqlı investisiya imkanları ilə tanış olmaq məqsədilə Hindistanın İnşaat Peşəkarları Assosiasiyasının üzvlərindən ibarət böyük nümayəndə heyəti ölkəmizdə səfərdədir. Hindistanlı iş adamları səfərləri çərçivəsində Bakıda memarlıq nümunələri ilə tanış olacaq, ölkəmizin inşaat sektorunda və daşınmaz əmlak bazarında olan yeniliklərdən xəbər tutacaqlar. Bu məqsədlə “Fairmont Baku” hotelində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Azərbaycan – Hindistan Tikinti Biznes Forumu” keçirilib.Tədbirdə hər iki ölkədə sahibkarlığın mövcud vəziyyəti, investisiya, partnyorluq imkanları barədə təqdimatlar dinlənilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlığa dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində ASK tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və hindistanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib. Vüqar Zeynalov Azəbaycanın tikinti sektorundakı inkişaf trendlərindən söhbət açıb. O, hindistanlı iş adamlarına ölkəmizdə investisiya yatırmaq üçün hansı prosedurlardan keçmək lazım olduğunu, bu zaman əldə edəcəkləri güzəştlərdən, həmçinin mövcud qanunvericilikdən söhbət açıb. V.Zeynalov qeyd edib ki, Azərbaycanla Hindistan iş adamlarını bir araya gətirməkdə əsas məqsəd iki ölkənin biznes sturukturları, ticarət və investisiya sahələrində fəaliyyət və gələcək əməkdaşlıq imkanlarını araşdırmaqdır. Bildirib ki, biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin əldə olunması, müştərək müəssisələrin yaradılması istiqamətdə birgə əməkdaşlıq faydalı ola bilər.
Forumda çıxış edən Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Sanjay Rana çıxışında Azərbaycan-Hindistan dostluq əlaqələrinin inkişafına toxunub. Onun sözlərinə görə, iki ölkə arasında kifayət qədər ciddi siyasi, iqtisadi, mədəni əməkdaşlıq və mübadilə layihələri həyata keçirilir. Azərbaycan iqtisadiyyatının Hindistan iş adamları üçün cəlbedici olduğunu deyən səfir qeyd edib ki, xeyli sayda hindistanlı Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, Hindistanın İnşaat Peşəkarları Asossiasiyasının nümayəndələrini də bu imkanlardan yararlanmağa dəvət edib. Səfir belə görüşlərin gələcək əlaqələrin inkişafına müsbət təsir edəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul əməkdaşı Fəxri Aydəmir komitənin fəaliyyəti və həyata keçirilən layihələr haqqında təqdimatla çıxış edib. Bildirib ki, son illərdə aparılan sosial-iqtisadi islahatlar ölkəmizin inkişafına öz müsbət təsirini göstərib. İqtisadi və sosial inkişaf tikinti, şəhərsalma və memarlıq sahəsinin geniş miqyaslı inkişafına səbə olub. Fəxri Aydəmir qeyd edib ki, respublikada milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanması və mühafizəsinə xüsusi önəm verilir. Son illərdə ölkəmizin əldə etdiyi uğurlarda, memarlıq abidələrinin inşa olunmasında və bərpasında bunları daha aydın şəkildə görmək mümkündür. Paytaxtımızda tikilib istifadəyə verilən möhtəşəm memarlıq obyektlərinin layihə sənədlərinin hazırlanmasında yerli memarlarla yanaşı tanınmış əcnəbi memarların da xidmətləri danılmazdır. Klassika ilə müasirliyin vəhdəti nəticəsində Bakı şəhəri möhtəşəmliyi ilə dünyanın ən gözəl şəhərləri sırasında özünəməxsus yerlərdən birini tutub.
350–dən çox üzvü olan Hindistanın Marathi Bandkham Vyavsayik Assosiasiyasının Baş Katibi Sandeep Kolatkarın sözlərinə görə, bugünədək daşınmaz əmlak sektorunda baş verən yeniliklər və trendlərlə tanış olmaq məqsədilə bir çox ölkələrə səfər edərək zəngin təcrübə toplayıblar. Qonaq bildirib ki, Azərbaycanda baş verən sürətli inkişaf assosiasiya üzvlərinin də diqqətindən yan keçməyib, ölkəmizə səfərləri çərçivəsində daşınmaz əmlak sektorunda yeniliklər, tikinti sahəsində əməkdaşlıq imkanları, şəhərimizin əsas memarlıq nümanələri, şəhərsalma prosesi və dayanıqlı inkişaf modelləri ilə yaxından tanış olacaq və gələcək əməkdaşlıq imkanlarını araşdıracaqlar.
Tədbir təqdimat və suallarla davam edib. Daha sonraHindistanın tikinti şirkətlərinin nümayəndələri Bakının məşhur inşaat simaları olan Crystal Holl, Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionunu ziyarət ediblər.