Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində Azərbaycanı ASK-nın prezidenti Məmməd Musayev təmsil edəcək
25 ölkədən müxtəlif hökumət və biznes nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi assambleyasının 11-ci iclası keçirilib. Belarusun paytaxtı Minskdə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev təmsil edib.
İclasda əvvəlcə Konqresin gördüyü işlər müzakirə edilib, daha sonra idarə heyətinin yeni tərkibi təsdiqlənib.
Artem Yureviç Çayka Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin prezidenti, Vasile Petru Tarlev şura sədri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə şura sədrinin müavini seçilib. Beynəlxalq sahibkarlığın inkişafında fəal iştirakına və verdiyi töhfələrə görə M.Musayev yenidən bu vəzifəyə ən yaxşı namizəd kimi təsdiqlənib.
Növbəti dövr üçün idarə etmədə nəzərdə tutulan yeniliklər və gələcək perspektivlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyası uzun müddətdir ki, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq təşkilata daxil olan ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, yeni tərəfdaşların axtarışında öz bəhrəsini verir.