KOS Agentliyi sahibkarlara xidmət göstərən qurum olmalıdır
Milli iqtisadiyyatın əsas sektorları üzrə “Strateji yol xəritələri”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatları üzrə Azərbaycan Sahibkarlar Konfederasiyasında müzakirələr təşkil edilib. İştirakçılar bəzi bölmələrlə bağlı maraqlı təkliflər səsləndiriblər.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, “Yol xəritələri”nin başlıca istiqamətləri üzrə monitorinqin aparılması sahibkarlar tərəfindən yüksək qiymətləndirilir. Əvvəllər rəqabətdən kənarda qalan sahələrdə artıq canlanmanın müşahidə olunduğunu deyən V.Zeynalov bu sənədin növbəti illərdə də ölkəmizdə özəl sektorun inkişafında xüsusi rol oynayacağını qeyd edib. İxtisaslaşmış turizm sənayesi, peşə təhsili və təlimi, telekommunikasiya və informasiya texnologiyaları, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafına dair “Strateji yol xəritələri”nin qısa müddət ərzində dövlət və özəl sektor münasibətlərinin daha mükəmməl formaya keçməsində, sahibkarlığın inkişafında əhəmiyyətli rolundan danışıb. Bildirib ki, son vaxtlar iqtisadiyyatın digər sektorlarında işini itirən insanların bir hissəsinin yenidən istehsal müəssisələrinə, kənd təsərrüfatına üz tutması baş verir.
“AmCham-Azerbaijan”ın icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, strateji yol xəritələrində nəzərdə tutulan işlər üzrə qiymətləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir və xəritələrin implementasiyasında nəzərə çarpacaq irəliləyişə səbəb olacaq. N.Məmmədova dövlət-özəl sektor əməkdaşlığının gözəl nümunəsi kimi, Sinqapur təcrübəsini misal gətirib. Onun sözlərinə görə, Sinqapur hökumətinin həyata keçirdiyi “SPRİNG” layihəsi çərçivəsində biznes assosiasiyaları və startap layihələrinə dəstək verilir, ayrı-ayrı sektorlar üzrə ehtiyacların öyrənilməsi məhz biznes assosiasiyalarına tapşırılır.
ASK üzvlərinin müzakirələr zamanı səsləndirdikləri təkliflərə görə, KOS Agentliyinin İqtisadiyyat Nazirliyi yanında yaradılması məqsədəuyğundur. Müzakirələr zamanı ASK-nın təşəbbüsü ilə qərara alınıb ki, Konfederasiya üzvlərinin iştirakı ilə qiymətləndirmələrin nəticələri əlavə təkliflər formasında yazılı şəkildə İqtisadiyyat Nazirliyinə təqdim edilsin.
Qeyd edək ki, Strateji yol xəritəsinin icrasına dair hal-hazırda nazirlikdə yaradılan “İşçi qrupların”da özəl sektorun və sahibkarların fəal iştirakını təşviq və təmin etmək məqsədilə ASK üzvlərinin təmsil olunması da nəzərdə tutulur.