Təhsil və Məşğulluq üzrə Daimi Şuranın tərkibində ASK-nın vitse prezidenti Vüqar Zeynalov da təmsil olunacaq
Təhsil Nazirliyi yanında yaradılan Təhsil və Məşğulluq üzrə Daimi Şuranın tərkibi təsdiq edilib.Daimi Şuranın rəhbəri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev,16 üzvündən biri isə ASK-nın vitse prezidenti Vüqar Zeynalov olacaq.
Təhsil və Məşğulluq üzrə Daimi Şuranın yaradılması ilə ölkədə dayanıqlı inkişafın təmin edilməsi baxımından təhsilin idarə olunması, çatdırılması və təkmilləşdirilməsində iştirak edən tərəflər arasında əlaqələr genişləndiriləcək, işəgötürənlərlə sıx əməkdaşlıq qurulacaqdır. Dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin, digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti, strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif , tövsiyələrin hazırlanması, təhsilin inkişafıyla bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcək.
“Təhsil və məşğulluq” üzrə Daimi Şura təhsilin aşıladığı səriştə və biliklərin əmək bazarına uyğunluğu, ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, digər mövzuları dövlət qurumları, özəl sektor, təhsil müəssisələri və işəgötürənlərin iştirakı ilə müzakirə etmək üçün açıq və konstruktiv platforma rolunu oynayacaqdır.
Qeyd edək ki, sözügedən Daimi Şura Təhsil Nazirliyinin təsdiqlədiyi əsasnaməyə uyğun fəaliyyət göstərəcək.