skip to Main Content

Gümüşhane iş adamları yeyinti məhsulları sahəsində əməkdaşlığa hazırdır

Gümüşhane Iş Adamları Yeyinti Məhsulları Sahəsində əməkdaşlığa Hazırdır

Türkiyənin Gümüşhane Ticarət və Sənaye Palatasının rəsmiləri, o cümlədən qida sektorunda fəaliyyət göstərən üzvləri Azərbaycanda işgüzar əlaqələr qurmaq məqsədi ilə səfərdədirlər. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmiləri ilə görüşən  türk sahibkarlar gələcəkdə yerli iş adamları ilə birgə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ölkəmizdə biznes sektoru haqqında qonaqlara ətraflı məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyanın baş katibinin müavini Fuad Hümbətov Azərbaycanla Türkiyə arasında iqtisadi, xüsusilə də özəl sektor əlaqələrin  sürətlə inkişaf etdiyini  qeyd edib. Azərbaycanın iqtisadi inkişafında türk sahibkarların əhəmiyyətli rol oynadığını deyən Fuad Hümbətov Gümüşhane əyalətinin iş adamlarını da Azərbaycanda daha aktiv biznes qurmağa səsləyib. Şəhərin mərkəzində Gümüşhane məhsullarının satışı ilə məşğul olacaq xüsusi mağazanın açılmasını  təklif edib. Bildirib ki, Gümüşhanə məhsulları adı altında fəaliyyət göstərən mağazalar şəbəkəsi yaranarsa,  məhsulların keyfiyyətli olduğunu nəzərə alsaq, bu mağaza qısa müddət ərzində məhşurlaşa,ölkədə xüsusi maraqla qarşılana bilər.

Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün elektron müraciət vasitəsilə qeydiyyatın mümkünlüyü, eləcə də iş adamlarının fəaliyyəti üçün ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğu qeyd olunub.

Gümüşhane Ticarət və Sənaye Palatasının baş katibi  Lütfi Kılıç Gümüşhane nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədinin   Azərbaycanda işgüzar əlaqələr qurmaq olduğunu qeyd edib. Gümüşhane  iş adamları  Azərbaycan ticarət bazarına daxil olmaq,  yeyinti məhsulları sahəsində ticari-iqtisadi əməkdaşlığı  artırmaq istəyirlər. Lütfi Kılıç bildirib ki, Türkiyənin Gümüşhane bölgəsində 12 çeşiddə müxtəlif şirniyyat və yeyinti məhsulları (quru meyvə) istehsal olunur. Bakıda  oxşar məhsullarla tanış olan qonaqlar öz məhsullarının dadı və keyfiyyəti ilə daha  rəqabət qabiliyyətli olduğunu iddia ediblər. Odur ki, yerli sahibkarları sərfəli qiymətə onlarla əməkdaşlıq etməyə səsləyiblər.

Daha sonra qonaqlar Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul şəxsləri ilə yeyinti məhsulları sahəsində Azərbaycanda işgüzar əlaqələrin gücləndirilməsi yollarını müzakirə ediblər. Görüş zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının onlara lazımi dəstək göstərəcəyi bildirilib.

Qeyd edək ki, Gümüşhane Ticarət və Sənaye Palatasının nümayəndə heyətinin ölkəmizə səfəri zamanı “Business to Business” (B2B) proqramı çərçivəsində qida sektoru üzrə Azərbaycan-Türkiyə iş adamları ilə işgüzar görüşü də keçirilib.

 

Back To Top