skip to Main Content

İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb

İspaniyalı Diplomat Azərbaycanda Investisiya Imkanlarını Araşdırıb

İspaniya Krallığının Səfirliyinin  müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboada  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb.Görüşdə Azərbaycan və İspaniya arasındakı  iqtisadi əlaqələr, özəl sektorun  hazırkı vəziyyəti,  investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf  perspektivləri və s. kimi məsələlər müzakirə edilib. Son illər Azərbaycanda qeyri neft sektorunda canlanma müşahidə edildiyi qeyd olunub, bu zəmində hər  iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə yeni əməkdaşlıq  imkanlarının faydalı olacağı da  istisna edilməyib.

Azərbaycan ilə İspaniya arasında iqtisadi  əməkdaşlığın perspektivlərini müzakirə edən ASK-nın prezidenti Məmməd Musayev  bildirib  ki, İspaniya Səfirliyi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində mövcud potensialdan səmərəli istifadə edərsə, Azərbaycan Sahibkarlar Konfederasiyası da bu misiyanin həyata keçirilməsində xüsusi töhfə verə bilər.  Qonağa Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha yaxından əməkdaşlıq təklif edilib.  Görüşdə ölkəmizdə son illər qeyri neft sektorunun, emal sənayesi, turizm,  aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi,  pambıq, tütün, fındıq, çay  və s. kimi kənd təsərrüfatı məhsullarının  ixrac qabiliyyətli olduğu qonağın diqqətinə çatdırılıb. Ölkəmizdə özəl sektorun inkişafı, ikitərəfli  əməkdaşlıq, investisiya imkanları ilə bağlı  daha  əlverişli mühit yarandığı, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensialın mövcud olduğu qeyd edilib.

Azərbaycan-İspaniya sahibkarları arasında gələcəkdə müxtəlif  biznes forumların təşkil edilməsi ilə bağlı müzakirələr də diplomatın marağına səbəb olub.

İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.Diplomat qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr  son illər daha da  fəallaşmağa başlayıb. O bildirib ki, bügünədək  Azərbaycan ilə İspaniya  arasında iqtisadi yönümlü dövlət və özəl qurumlarının, yerli şirkətlərinin nümayəndələri, potensial sərmayəçiləri arasında müxtəlif səviyyələrdə bir sıra təmaslar qurulub, iki ölkə arasında işgüzar səfərlər keçirilib. Odur ki, ölkəmizdə fəaliyyəti göstərəcəyi müddətdə  İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadi və ticari  əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da genişlənməsi üçün  səylə çalışacaq. İspaniyalı diplomat özəl sektorun inkişafına dəstək olacaq layihələrin həyata keçirilməsində, bu sahədə  ixtisaslaşmış İspaniya şirkətlətinin Azərbaycanda investisiya yatırmaqda maraqlı olduqlarını  da dilə gətirib. Bununla bağlı müvafiq köməklik göstərəcəyinə, gələcəkdə daha fəal əməkdaşlıq edəcəklərinə  dair  vəd verib.

Daha sonra İspaniya  şirkətləri ilə əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair  razılığa gəlinib.

 

Back To Top