İranlı sahibkarlar Azərbaycan Respublikasında yeni bazarlar axtarışındadır
İran İslam Respublikasının Ərdəbil Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda səfərdə olan iranlı sahibkarlardan ibarət nümayəndə heyəti Azərbaycanda sənaye,tikinti, qida, turizm və s. sahələrdə yeni əməkdaşlıq imkanları qurmaq niyyətindədirlər.
İran-Azərbaycan Müştərək Ticarət Palatasının üzvü Farangiz Rahmaninin başçılıq etdiyi nümayəndə heyətinə ticarət, istehsal, sənaye, tikinti və mühəndislik, dizayn və s. sahələr üzrə 38 nəfər iş adamı 19.10.2017-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasını ziyarət etmişlər.
Konfederasiyada təşkil edilmiş görüş zamanı iki ölkənin ticarət dövriyyəsi ilə bağlı mövcud vəziyyət müzakirə olunmuş, gələcəkdə müxtəlif sahələr üzrə ticarət əlaqələrinin genişləndirilməsi yolları barədə fikir mübadiləsi həyata keçirilmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov qonaqlara Azərbaycan Respublikasında son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən effektiv islahatlar, Azərbaycanın biznes və investisiya mühiti, ASK-nın fəaliyyəti və bu islahatlardakı rolu barədə ətraflı məlumat vermişdir. Azərbaycan Sahibkarlar Konfederasiyasının iranlı iş adamlarını hərtərəfli dəstəkləməyə hazır olduğunu bildirən Fuad Hümbətov iş adamlarına AR-də iqtisadiyyatın müxtəlif sektorları üzrə uzunmüddətli investisiya üçün hökumət tərəfindən təqdim edilən güzəştlər və biznes imkanları barədə geniş söhbət açmışdır. O, hər iki ölkənin tizarət-sənaye palataları və biznesə dəstək təşkilatlarının AR və İİR iş adamları arasında əməkdaşlığın genişlənməsi üçün xidmət göstərməyə daim hazır olduqlarını bildirmişdir.
Qonaqlar iki ölkənin dostluq əlaqələri və regional iqtisadi imkanlar məsələlərinə toxunaraq Ərdədil əyalətinin sahibkarlarının biznes fəaliyyəti üçünAzərbaycan Respublikasını əlverişli məkan, Cənubi Qafqaz regionunun iqtisadi lideri adlandırmışlar. Bundan əlavə, İran nümayəndə heyəti 31 oktyabr – 3 noyabr tarixlərində Tehranda keçiriləcək II İran Export sərgisinə azərbaycanlı iş adamlarını dəvət etmişlər.
Görüşün sonunda Azərbaycan Respublikası Sahibkarlar əməkdaşları iranlı iş adamlarını maraqlandıran suallara cavab vermiş və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə etmişlər.