skip to Main Content

“Made in Azerbaijan” brendinin təşviqində fərqlənən şirkətlər və iş adamları mükafatlandırılıb

“Made In Azerbaijan” Brendinin Təşviqində Fərqlənən şirkətlər Və Iş Adamları Mükafatlandırılıb

Dekabrın 22-də Bakı Biznes Mərkəzində rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamlarının iştirakı ilə 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev ölkə başçısının rəhbərliyi ilə sistemli islahatların 2017-ci ildə də davam etdirildiyini, bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu keçdiyini, iqtisadiyyatın prioritet sahələrində müsbət nəticələrin əldə olunduğunu, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması və digər tədbirlər nəticəsində Azərbaycanın iqtisadi potensialının daha da artdığını qeyd edib. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun ixrac potensialının böyük olduğunu və bu potensialın reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyev tərəfindən yeni ixrac bazarlarına çıxışı təmin etməklə bağlı qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdıran İqtisadiyyat naziri qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, ənənəvi bazarlarda mövqelərimizin daha da gücləndirilməsi, rəqabətqabiliyyətli Azərbaycan məhsullarının, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması kimi məsələlərin vacibliyini qeyd edib. İqtisadiyyat naziri “Made in Azərbaycan” brendinin təşviqi məqsədi ilə təşkil olunmuş dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini bildirib, bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu istiqamətdə həyata keçirilən tədbirlər artıq nəticələrini verməkdədir.
Belə ki, başa vurduğumuz 2017-ci ildə Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanıı olmaqla 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib, “Gulfood”, “Worldfood Moscow” və “Anuga” kimi beynəlxalq əhəmiyyətli ərzaq sərgilərində, həmçinin “Prowein” və “Hong Kong International Wine & Spirits Fair ” beynəlxalq şərab sərgilərində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin olunub, il ərzində qeyri-neft məhsullarının ixracına görə yerli sahibkarlara 2,7 milyon manatdan çox ixrac təşviqi ödənilib. Azərbaycan məhsullarının müxtəlif xarici bazarlara ixracına dair ilkin razılıqlar əldə edilib, sifarişlər qəbul olunub, müqavilələr imzalanıb və bir sıra hallarda faktiki ixrac həyata keçirilib.
Şübhəsiz ki, dövlət səviyyəsində sahibkarlığın və ixracın dəstəklənməsi üçün bu atılan addımlar Azərbaycan iqtisadiyyatında ixrac hədəfli məhsul istehsalının miqyasının bundan sonra da əhəmiyyətli dərəcədə artmasına, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına və həm yerli, həm də xarici bazarlarda rəqabətə davamlı yerli məhsulların çeşidlərinin genişlənməsinə gətirib çıxaracaqdır.
Şahin Mustafayev özəl bölmənin inkişafına göstərdiyi böyük diqqət və qayğıya görə ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov ölkə rəhbərliyi tərəfindən bu sahəyə böyük diqqət və qayğı gəstərildiyini vurğulayıb, qəbul olunmuş qərar və sərəncamlar, həyata keçirilən institusional islahatlar və kənd təsərrüfatı məhsulları istehsalçılarına yaradılan şərait, kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması tədbirlərindən danışıb. Aparılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olan aqrar islahatların real nəticələr verdiyi və bu sektorda fəaliyyət göstərən sahibkarların rolu qeyd edilib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələri, 2017-ci ildə bu sahədə həyata keçirilən islahatları və görülmüş işləri diqqətə çatdırıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışıb, sahibkarlığın dəstəklənməsi, dövlət – sahibkar münasibətlərinin daha da inkişafı istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb.
Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev dövlət başçısının tapşırığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ötən il yaradılan Assosiasiya tərəfindən meyvə-tərəvəz istehsalı və ixracı istiqamətində görülən işləri diqqətə çatdırıb.
Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov Azərbaycanda findıqçılığın inkişafı üçün geniş imkanların olduğunu və bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolunu vurğulayıb. Qeyd olunub ki, Assosiasiyaya üzv olan şirkətlər yeni dəstək mexanizmlərindən, xüsusilə ixrac təşviqi və “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən faydalanır, ixrac imkanlarını genişləndirirlər.
Tədbirdə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif olunan 23 sahibkara və sahibkarlar təşkilatlarının nümayəndələrinə orden və medallar, 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi sahəsində müəyyən edilmiş nominasiyalar üzrə seçilmiş 8 şirkətə İqtisadiyyat Nazirliyi tərəfindən mükafatlar təqdim olunub.

 

Back To Top