Azərbaycan Sahibkarlar Konfederasiyası Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasında təmsil olunmuşdur
Həyata keçirilən düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar Azərbaycanın ardıcıl və dinamik inkişafını təmin etmişdir. Təqdirəlayiq haldır ki, bu inkişafda özəl sektorun payı artmaqdadır. Ölkənin iqtisadi inkişafında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) da özünəməxsus yeri vardır. Konfederasiya ölkədə iş adamlarının maraqlarından çıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresinin (SSBK) və digər beynəlxalq təşkilatların üzvüdür və 50-dən yuxarı digər sosial iqtisadi yönümlü Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti,Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti 12-15 may 2018-cı il tarixdə Yunanıstanın Saloniki şəhərində Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının növbəti yığıncağında iştirak etmişdir.
Tədbirin əsas mövzusu Konqresın fəaliyyətinin aktual məsələlərinin müzakirəsi , Konqresin üzvlərinin və tərəfdaşlarının iştirakı ilə praktiki proqram və layihələrin habelə , beynəlxalq iqtisadi əməkdaşlıq problemlərinin reallaşdırılması olmuşdur.
Şuranın iclasında nəqliyyat-loqistika üzrə qarşılıqlı fəaliyyət , biznes proseslərinə hüquqi yardım, Konqresin üzvlük bazasının daha da optimallaşdırılması , gələcək tədbirlərin hazırlanması məsələləri müzakirə olunmuşdur.
Tədbir çərçivəsində beynəlxalq və regional strukturların biznes nümayəndələri , Avropa və Asiyanın ayrı-ayrı dövlətlərinin aparıcı təşkilatlarının əməkdaşları ilə işgüzar görüş və danışıqlar aparılmışdır.