Qubada Dayanlqlı İnkişaf Məqsədləri ilə bağlı seminar keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə 13-14 iyul 2018-ci tarixlərində Quba rayonunda “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektorun rolu” mövzusunda iki günlük seminar keçirilib.
Seminarda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İqtisadiyyat Nazirliyi, Dövlət Məşğulluq Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Azərbaycan Qadın Sahibkarlar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.
Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər baraədə iştirakçılara ətraflı məlumat verilib.Qeyd olunub ki, Azərbaycan 2015-ci ildə BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulmuşdur. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və inkişaf istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 oktyabr 2016-cl ildə imzaladağı fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Vurğulanıb ki, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının DİM ilə uzlaşdırılması məsələsi Şuranın katibliyinə həvalə olunub. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı keçirilən bütün tədbirlər bu məqsədlərin icrasına xidmət edir.
Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərini əks etdirən video çarxa nümayiş olunub. Qeyd olunub ki, hər il dünyada 40 milyon insanın əmək bazarına daxil olması ölkələr qarşısında yeni çağırışlar yaradır. Hesablamalar göstərir ki, 2030-cu ilə qədər dünya əhalisinin 60%-i şəhər yerlərində yaşayacaq. Bütün bu çağırışlar yeri iş yerlərinin yaradılması, insanların layiqli iş yerləri ilə təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və başqa vacib məsələləri gündəmə gətirir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün hökümətlə vətəndaş cəmiyyətinin də sıx əməkdaşlığının vacibliyi vurğulanıb.