Məmməd Musayev Kənd Təsərrüfatı naziri ilə görüşüb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Kənd Təsərrüfatı naziri İnam Kərimovla görüşüb.
Hər iki qurumun nümayəndələrinin iştirakı ilə nazirlikdə keçirilən görüşdə Məmməd Musayev ASK-nın gördüyü işlər, regionlardakı fəaliyyəti, aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatı sektorunun inkişafına təkan verəcək tədbirlər barədə fikirlərini bölüşüb.
Məmməd Musayev Azərbaycandakı assosiasiyaların fəaliyyətinin, onların maddi-texniki bazasının gücləndirilməsinin və əhatə dairəsinin genişləndirilməsi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb. M.Musayev qeyd edib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində Beynəlxalq Əmək Təşkilatı ilə sıx əməkdaşlıqdan da faydalanmaq olar.
Nazir İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığa önəm verdiyini, bu məqsədlə qurumun tərkibində fermerlər, kooperativlər və assosiasiyalarla iş şöbəsinin yaradıldığını bildirib. İ.Kərimov assosiasiyaların inkişafı üçün proqramlarının hazırlandığını, assosiasiya üzvləri üçün müxtəlif təlimlərin keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə aqrar sektorun inkişafına dair müxtəlif təkliflər ətrafında da fikir mübadiləsi aparılıb.