Azərbaycanda ilk dəfə KSM layihələri üzrə ümumrespublika müsabiqəsi elan olunub
Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi, həmçinin bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin elan olunması üçün mətbuat konfransı keçirilib.
Layihənin əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.
Müsabiqəyə layihə qəbulu bu gündən başlayaraq noyabrın 15-nə qədər davam edəcək. Qəbul olunan layihələri komissiya üzvləri standart meyyarlar əsasında anonim qiymətləndirəcək və 21 dekabr 2018-ci il tarixində müxtəlif sektorlar və nominasiyalar üzrə uğurlu KSM layihələr həyata keçirmiş şirkətlər Korporativ Sosial Məsuliyyət üzrə Milli Mükafatı və xüsusi diplomla təltif olunacaq.
Müsabiqədə iştirak şərtlərinə görə, 2016-2018-ci illər ərzində şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə (və ya xeyriyyəçilik işləri) haqqında pdf formatında məlumatlar aşağıda göstərilən emailə göndərilməli, layihənin həyata keçirildiyini təsdiq edən foto, video materiallar və KİV məlumatların linki və layihənin təsviri (məqsədi, büdcəsi, keçirildiyi ərazi, benefisiarları və s.) haqqında ətraflı məlumatlar təqdim edilməlidir.
Komisiyanın tərkibində isə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, “Asan xidmət”, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ASK, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyindən nümayəndələr olacaq.
Əlaqələndirici şəxslər:
Şahanə Sarı – 055 776 11 10 info@proaktiv.az
Cavid Kərimov – 55 230 86 22 – ckarimov@ask.org.az