skip to Main Content

UNEC-də Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi müzakirə edilib

UNEC-də Azərbaycanın “Doing Business” Hesabatındakı Mövqeyi Müzakirə Edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 8 noyabr 2018-ci il tarixində Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi ilə əlaqədar elmi seminar keçirilib.

Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri, iqtisad üzrə elmlər doktoru Ramil Hüseyn, Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul işçiləri və UNEC-in professor və müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov açaraq “Doing Business” hesabatı haqqında qısa məlumat vermişdir.

İAETİ-nin elmi katibi Rafail Rzayev “Azərbaycanın «Doing Business 2019» hesabatındakı mövqeyinin müqayisəli təhlili” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda “Doing Business” hesabatı haqqında məlumat verilib, Azərbaycanın bu hesabatdakı mövqeyi qonşu ölkələrlə müqayisəli şəkildə, ayrı-ayrı indikatorlar üzrə dəyişikliklər nəzərə alınmaqla ətraflı təhlil olunub. Hesabatda Azərbaycan mövqeyinin yüksəlməsini şərtləndirən islahatlar, bu islahatların indikatorların hesablanması üçün istifadə olunan parametrlərə təsiri göstərilib. Sonda məruzəçi Azərbaycanın mövqeyinin daha da yüksəldilməsi üçün zəruri tədbirlər üzrə təkliflər verib.

Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri, iqtisad üzrə elmlər doktoru Ramil Hüseyn Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri son dövrlərdə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb və sahibkarların elmi tədqiqatlara olan ehtiyacını qeyd edərək UNEC tədqiqatçılarını əməkdaşlığa dəvət ediblər.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Back To Top