skip to Main Content

Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün  təlim keçirilib

Cocuq Mərcanlıda Biznesini Qurmaq Istəyən Xanımlar üçün  Təlim Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) birgə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  öz biznesini qurmaq istəyən xanımlara təlim keçirilib.

Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov tərəfindən keçirilən təlimdə xanımlar biznes planın hazırlanması, bazarın təhlilinin aparılması, məhsulun və xidmətin maya dəyərinin hesablanması, reklam və marketinq strategiyasının qurulması ilə bağlı müəyyən bilik və bacarıqlara yiyələniblər.

14-15 noyabr tarixlərində keçirilən təlimlərdə Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun bir sıra kəndlərinin sakinləri iştirak ediblər.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Qeyd edək ki, layihə çərçivəsində eyni təlimlər ötən ay Bakı və Sumqayıt şəhərlərində, Quba, Xaçmaz və Neftçala rayonlarında keçirilib. Eyni mövzuda təlimlər 16 və 17 noyabr tarixlərində Mingəçevir şəhərində keçirilir.

Yekunda təlimdə iştirak etmiş və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi ayrılacaqdır.

Back To Top