ASK sahibkarların qarşılaşdıqları problemlərin işıqlandırılması və həlli üçün mühüm addımlar atmaqdadır
Ölkədə kiçik və orta sahibkarlığın inkişafı çərçivəsində bir sıra iqtisadi islahatlar aparılmaqdadır. Sözügedən islahatların aparılması istiqamətində dövlət və özəl sektor arasında körpü rolunu oynayan Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) da öz növbəsində sahibkarların qarşılaşdıqları problemlərin işıqlandırılması və həlli üçün mühüm addımlar atmaqdadır.
Bu çərçivədə, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və Baş Katib əvəzi Kristina Məmmədova 2015-ci ildən ASK-nın üzvü olan, Bakı Tekstil Fabriki MMC-də Baş direktor müavini Elçin Babayevlə görüşüblər. Görüş zamanı E.Babayev fabrikin 2011-ci ildən fəaliyyət göstərməsindən və 180 nəfər işçinin çalışdığı müəssisənin tekstil sahəsində qazandığı uğurlarından bəhs etmişdir. O, hal-hazırda hədəfin xarici bazar olduğunu qeyd edərək, Bakı Tekstil Fabriki MMC-nin istehsal etdiyi məhsulların Rusiya, Almaniya, İraq kimi ölkələrə ixrac olunduğunu söyləmişdir.
Bununla yanaşı, gömrük məsələlərində qarşılaşdıqları problemləri də dilə gətirən E.Babayev qısa zamanda bu məsələlərin də həllinə ümid etdiyini bildirmişdir. Sözügedən məsələyə münasibət bildirən ASK-nın vitse-prezidenti V.Zeynalov fabrikin qarşılaşdığı problemlərin həlli istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) olaraq yaxından dəstək olacaqlarını bildirmişdir.
Daha sonra, Bakı Tekstil Fabriki MMC-də iş prosesi ilə tanışlıq zamanı, E.Babayev istehsal etdikləri məktəbli, işçi, tibbi geyim, promo, idman, hərbi geyim, corab, restoran personalı və korporativ geyim nümunələrini ASK rəhbərliyinə təqdim etmişdir.