ASK ilə AZİNNEX arasında Anlaşma Memorandumu imzalanıb
22 noyabr 2018-ci il tarixində Elektron Hökümətin İnkişafı Mərkəzində “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin (AZİNNEX) 1 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, şirkət rəhbərləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə Konsorsium tərəfindən ötən dövr ərzində görülmüş işlərə, yerli və beynəlxalq istiqamətdə həyata keçirilmiş əməkdaşlığa dair məlumatlar verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, agentliyin təşəbbüsü ilə yaradılmış AZINNEX beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması istiqamətində fəaliyyət göstərir. AZINNEX Azərbaycan brendi olan “ASAN xidmət” modelinin intellektual məhsul kimi digər ölkələrə ixrac olunmasında birbaşa iştirak edir. “ASAN xidmət” modeli ilə yanaşı, AZINNEX, həmçinin yerli şirkətlərə məxsus müxtəlif İT məhsul və xidmətləri ixrac etmək üçün bir platformadır.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəis müavini Aliya Ağazadə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev yerli İT məhsullarının dünya bazarına çıxarılmasını, bu istiqamətdə görülən işləri, AZINNEX-in fəaliyyətini yüksək qiymətləndiriblər.
AZINNEX-in Müşahidə Şurasının sədri Yana Krimpe konsorsiumun informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərini qoruduğunu və beynəlxalq bazarda təmsil olunduğunu, İT məhsullarının satışını həyata keçirdiyini diqqətə çatdırıb. Sədr İT sahəsində əldə olunan uğurlarda dövlət dəstəyinin rolunu vurğulayıb.
Daha sonra çıxış edən AZINNEX-in Müşahidə Şurasının üzvü, “SİNAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Elçin Əliyev konsorsiumun fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.
Tədbirdə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və AZİNNEX-in müşahidə şurasının sədri Yana Krimpe imzalayıb. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu İctimai Birliyi (AZİNNEX) arasında imzalanan Anlaşma Memorandumunun məqsədi tərəflər arasında ixracın təşviqi, bu prosesdə innovativ informasiya və kommunikasiya texnologiyaları istiqamətində məhsul və xidmətlərin ixracının dəstəklənməsi, birgə strategiyaların hazırlanması və tətbiqi təşəbbüsləri ilə çıxış edilməsi üzrə qarşılıqlı faydalı münasibətlər qurmaq və inkişaf etdirməkdir.
Tədbirin sonunda Konsorsiumun tərəfdaşları mükafatlandırılıblar və üzvlərə sertifikatlar təqdim olunub.