skip to Main Content

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı Keçirilib

19 dekabr tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayı keçirilib.

Tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Tədbir iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüblər. Şəhidlər Xiyabanına gələn qurultay iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qurultayı açıq elan edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə qeyri-neft sektoru üzrə istehsalın və ixracın artırılması, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinın yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlığa dövlət dəstəyi sisteminin tərkib hissəsi kimi sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, ixrac missiyalarının təşkili və digər tədbirlər ölkəmizdə sahibkarlığın davamlı inkişafının təmin olunmasına və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artmasında mühüm rol oynayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2016-cı ildə yaradılan Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya çərçivəsində rəhbərlik etdiyi qurumun Azərbaycan Sahibkarlar Konfederasiyası ilə məhsuldar və uğurlu əməkdaşlığından danışıb. Bildirib ki, Komissiya çərçivəsində sosial tərəfdaşlarla həm işəgötürənlərin, həm də işçilərin  təklifləri müzakirə olunaraq ümumi konsensusa gəlinir. Şəffaf biznes və sağlam rəqabət mühitində sahibkarlığın genişlənməsinə əlverişli şəraitin yaradılması Azərbaycanın dinamik və uzunmüddətli inkişafı məqsədilə aparılan uğurlu siyasətin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Bu siyasət milli iqtisadiyyatda, eyni zamanda, yeni iş yerlərinin yaradılmasında, əmək bazarının inkişafında, məşğulluq səviyyəsinin yüksəldilməsində özəl sektorun rolunun əhəmiyyətli şəkildə artmasına səbəb olub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib, sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində rolunu vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektli islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, özəl bölmənin və biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüb.

Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri barədə məlumat verib.

Qurultayda həmçinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisinin deputatı, Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli,  Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin Heyətinin sədri Vüqar Abbasov, Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev, Türkiyə-Azərbaycan Biznes Şurasının (DEİK) sədri Selçuk Akat, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədri, Moldova Sənayeçilər və Sahibkarlar Milli Konqresinin prezidenti Tarlev Vasiliy Pavloviç, Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin (MKPP) vitse-prezidenti Vyaçeslav  Pşeniçnikov, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elquca Meladze və digər çıxışçılar prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatının və onun əsasını təşkil edən sahibkarlığın inkişafına səbəb olduqlarını  bildiriblər.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin hesabat çıxışı dinlənilib. Qeyd edilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və milli iqtisadiyyatın inkişafına istiqamətlənən bütün qərar və proqramların icrasında fəal iştirak edir. Hazırda Konfederasiyanın tərkibinə 6000-dən artıq sahibkarlıq subyekti, o cümlədən 70-yə qədər iqtisadi və sosial yönümlü assosiasiya, holdinq, birlik, ittifaq və qeyri-hökumət təşkilatı, iri şirkətlər, banklar, sığorta təşkilatları və qrupları daxildir. Məmməd Musayev Konfederasiyanın əvvəlki qurultaydan ötən müddətdə gördüyü işlər barədə qurultay iştirakşılarına məlumat verib.

Bundan sonra ASK-nın nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, idarə heyətinin və rəyasət heyətinin yeni tərkibi formalaşıb, ASK-nın prezidenti və vitse-prezidentləri, nəzarət-təftiş komissiyasının sədri seçilib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Nizamnaməsinə təklif olunan əlavə və dəyişikliklər qəbul edilib ki, bu da Konfederasiyanın idarə olunmasının təkmilləşdirilməsinə, idarəetmədə operativliyin gücləndirilməsinə xidmət edir.

Açıq səsvermə zamanı qurultay nümayəndələrinin yekdil qərarı ilə Məmməd Musayev yenidən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V Qurultayının iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət   qəbul edilib. Müraciətdə sahibkarlar onlara göstərilən qayğıya və davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirib və ölkə başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizin davamlı inkişafı, dayanıqlı və sağlam bazar münasibətlərinin formalaşdırılması istiqamətində Konfederasiyanın fəaliyyətini səylə davam etdirəcəyinı vurğulayıblar.

Back To Top