skip to Main Content

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

Sosial Və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Növbəti Iclası Keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya 12 fevral 2019-cu il tarixində növbəti iclasını keçirib.

Üçtərəfli Komissiyanın 2019-cu ildəki ilk iclasının gündəliyi 2019-cu il üçün iş planının müzakirəsinə həsr olunmuşdur. İş planı hər bir tərəfin təklifləri nəzərə alınmaqla bütövlükdə 18 məsələnin müzakirəsini nəzərdə tutmuşdur. Müzakirələr zamanı komissiya üzvləri iş planının ayrı-ayrı bəndləri ilə bağlı öz mövqelərini bildirmiş, tərəflərin təklifləri nəzərə alınaraq iş planında bəzi dəyişikliklər edilmişdir. İclasda həmçinin iş planında nəzərdə tutulan məsələlərin il ərzində müəyyən təqvim planı əsasında müzakirə olunması qərarlaşdırılmış, eləcə də oxşar bir sıra bəndlər birləşdirilmişdir. İş planına əsasən, sosial və iqtisadi sahədə olan bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanması, onların müzakirəsinin təşkili və həmin sənədlərlə bağlı mövqelərin razılaşdırılması nəzərdə tutulur. İş planına eləcə də, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası dövləti və sosial tərəfdaşlar tərəfindən il ərzində keçiriləcək tədbirlərin müzakirəsi əlavə edilmişdir.

İclasda həmçinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının müzakirəsi aparılmış, Azərbaycan Sahibkarlar Konfederasiyasının və onun üzvü olan biznes assosiasiyaların mövqeləri hökumətin və həmkarlar təşkilatlarının diqqətinə çatdırılmışdır.

İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə minimum əmək haqqının artırılması olmuşdur. Tərəflər cənab Prezident tərəfindən minimum əmək haqqının artırılmasını yüksək qiymətləndirərək, bu məsələni il ərzində diqqətdə saxlayıb, ilin sonunda sosial tərəfdaşların mövqelərini nəzərə almaqla həm minimum əmək haqqının məbləği, həm də hesablanma meyarları barədə təkliflərin Komissiya adından hökumətə çatdırılmasını razılaşdırıblar. İclasın yekununda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli komissiyanın 2019-cu il üçün iş planı əsas etibarı ilə təsdiq edilmişdir.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında hər üç qurumun nümayəndələrindən ibarət olmaqla yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya ölkəmizdə ümumən sosial-iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsinə öz töhfəsini verməkdədir. Ötən dövr ərzində Komissiyanın 10 iclası keçirilmiş, bu iclaslarda onlarla normativ aktın müzakirəsi baş tutmuşdur.

Back To Top