skip to Main Content

“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III Regional Forum keçirilib

“Regionların Inkişafında Sahibkarlığın Rolu” Mövzusunda III Regional Forum Keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 6 aprel 2019-cu ildə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində region sahibkarları və bir sıra dövlət qurumlarının iştirakı ilə “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forum keçirilib. Forumda rayonların icra başçıları və onların nümayəndələri, sahibkarlar, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dost Agentliyi, Dövlət Reklam Agentliyi və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndləri iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə Ağstafa rayonunda ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoydular.

Forumu giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və bu islahatların məqsədi vətəndaşlarımızın sosial-rifahını, ölkəmizin iqtisadi qüdrətini yüksəltmək, neftdən asılılığı azaldaraq şaxələndirilmiş iqtisadiyyata sahib olmaq, qeyri-neft sektoru üzrə gəlirləri  artırmaqla “Made in Azərbaycan” brendi altında rəqabətədavamlı məhsullar istehsal edərək, həm daxili bazarı qorumaq, həm də xaricə ixracı artırmaqdır.

Bu məqsədlə ölkəmizin vergi, gömrük sistemlərində və digər sahələrdə həyata keçirilən əsas islahatların başlıca hədəflərindən biri də Azərbaycanda sahibkarlığı inkişaf etdirməkdir. Son illərdə müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsinin hər birimiz şahidiyik. Ölkəmizdə bölgələrin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir.

Statistik məlumatlara əsaslansaq, hazırda Azərbaycanda 970 min sahibkar qeydiyyatdadır və onların yarısı aktiv fəaliyyətlə məşğuldur. Təkcə 2018-ci ildə Azərbaycanda 87 600 nəfər vergi orqanlarında qeydiyyata alınıb ki, bunların da 50,4 faizi məhz regionlarda yaradılan sahibkarlıq subyektləridir. Əlbəttə, bu sevindirici haldır və regionların inkişafı, region sahibkarlığının faizinin artması ölkəmizin ümumi tərəqqəsinə əminəm ki, mühüm töhfələr verəcək. Ona görə də hesab edirəm ki, Ağstafada keçirilən III Regional Forum da məhsuldar olacaq və qarşıda qoyulan hədəflərə nail olmaq, sahibkarları düşündürən məsələlər, onların həlli yolları, mövcud imkanlar baxımından yeni imkanlar açacaq.

Sonra tədbirdə Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Tovuz rayon icra hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxış etdilər. Daha sonra forum panellərdə öz işini davam etdirib. Panel sessiyalarda aidiyyəti qurumların nümayəndələri tərəfindən Vergi məcəlləsinə edilmiş son dəyişikliklər, KOB dostları və KOB evləri, Kənd Təsərrüfatı məhsulları və texnikasına verilən kreditləşmə qaydası, ABAD məhsullarının təqdimatı, Yaşıl Dəhliz Layihəsinin təqdimatı, Qida təhlükəsizliyi haqqında Dövlət Qanununun ictimai müzakirəsi, Regionlarda DOST Agentliyinin rolu, Açıq Məkanda Reklam üçün Qanunvericiliyin Tələbləri və “Azexport” və “Entreprise Azerbaijan” portalları haqqında məlumatlar təqdim olunub.

Forumun işi Ağstafa rayonundakı bir neçə müəssisəyə təşkil olunan səfərlə başa çatdı.

Back To Top