“Quşçular Cəmiyyəti”nin ASK-da iclası keçirildi
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Əzimovun sədrliyi ilə ölkəmizdə quşçuluğun mövcud vəziyyəti, problemləri müzakirə edilib. İclasda Azərbaycan Respublikası Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev və quş ətinin emalı sənayesinin rəhbərləri iştirak ediblər.
İclasda Azərbaycanın bu sahədə idxaldan asılılıq səviyyəsi və inkişafa mane olan məsələlər müzakirə edilib.
“Quşçular Cəmiyyəti”nin İdarə Heyətinin sədri Aydın Vəliyev bildirib ki, getdikcə quşçuluq məhsullarının Azərbaycana idxalı artır və 2018-ci ilin yekun nəticələrinə görə, ölkəyə 34 min tondan yuxarı quş əti gətirilib. Ümumdünya Ticarət Təşkilatının məlumatında bu rəqəm məbləğ olaraq, Azərbaycan istehlakçısının xaricdən 38 milyon dollarlıq quş əti istehlak etdiyini göstərir.
Quş ətinin emalı ilə məşğul olan müəssisələrin rəhbərləri iclasda qeyd ediblər ki, Azərbaycanda quş ətinin qiyməti digər ət məhsulları ilə müqayisədə 3-5 dəfə ucuzdur və bu məhsullara tələbat çoxyüksəkdir, ona görə də yerli istehsalın artırılması mühüm əhəmiyyət daşıyır.
Bildirilib ki, quşçuluq sahəsinin inkişafına dövlət və özəl sektor tərəfindən böyük həcmdə vəsait yatırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, rəqabət mühitinin şəffaflaşdırılması, uçotun düzgün qurulması ilə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində mühüm işlər görülür. Bu isə rəsmi şəkildə fəaliyyət göstərən, işini qanunvericilik əsasında quran sahibkarların da marağındadır.
Zakir Əzimov vurğulayıb ki, Azərbaycan Sahibkarlar Konfederasiyası quşçuluq fəaliyyəti ilə məşğul olanların yanındadır və problemlərin həllini tapmasında öz imkanlarından istifadə edəcək.
Məlumat üçün bildirək ki, iclasda “Səba” ASC, “Qaraqaşlı Broyler”, “Giləzi Quşçuluq”, “Hicaz Quşçuluq”, “Göyçay Broyler”, “Mərcan” MMC-nin rəhbərləri iştirak ediblər.