ASK və TAİB arasında əməkdaşlıq barədə anlaşma memorandumunun imzalanması haqqında razılıq əldə edilib
19 aprel 2019-cu il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilati dəstəyi ilə keçirilmiş Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) yeni heyətdə təsis yığıncağı keçirilib. Tədbirin əsas məqsədi Türkiyədəki azərbaycanlı iş adamlarının vahid platformada birləşdirilməsi və onların digər üçüncü dövlətlər ilə əməkdaşlığa cəlb ediməsi planlarının müzakirə edilməsi idi. Tədbirdə ASK-nı Baş katibin müavini Fuad Hümbətov təmsil edib.
ASK təmsilçisi Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TAİB-in İdarə Heyətinin sədri Mehdi Nağıyev, TAİB-in İdarə Heyətinin sədr müavini Mikayıl Yusifov, DEİK-in Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Selçuk Akat, SOCAR-ın Türkiyə nümayəndəliyinin Baş direktoru Tural Məmmədov və PASHA İnvestisiya Bankının maliyyə institutları investor əlaqələri meneceri Mustafa Duman, AR-in İstanbul Konsulluğunun nümayəndəsi və digər rəsmi, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirib.
Fuad Hümbətov Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ilə görüş zamanı ASK prezidenti M.Musayevin salamlarını çatdıraraq, Azərbaycan Sahibkarlar Konfederasiyası ən iri biznesə dəstək təşkilatı kimi həm ölkə daxilində, həm də xaricdəki fəaliyyəti, sosial tərəfdaş kimi ölkənin sosial-iqtisadi sferasında həyata keçirilən islahatlardakı iştirakı, əməkdaşlıq etdiyi beynəlxalq və donor təşkilatlar, xarici ölkələrdəki nümayəndəliklərin fəaliyyəti barədə geniş məlumat verib.
Səfir X.İbrahim ASK kollektivini və bütün sahibkarları qurumun yaranmasının 20 illiyi münasibəti ilə səmimi təbrik edərək belə bir əlamətdar ayda TAİB-in də təsis edilməsini xüsusi vurğulayıb.
TAİB-in İdarə Heyətinin sədri ilə keçirilmiş görüş zamanı qurumla üçüncü ölkələrdə, habelə beynəlxalq layihələrdə birgə fəaliyyət məqsədilə ASK və TAİB arasında əməkdaşlıq barədə anlaşma memorandumunun imzalanması haqqında razılıq əldə edilib. Digər iş adamları və rəsmi şəxslərlə görüş zamanı ASK-nın mövqeyindən birgə fəaliyyət perspektivləri müzakirə olunub.