Ankara Ticarət Odasının bir qrup əməkdaşı ASK-nın qonağı olub
Ankara Ticarət Odasının bir qrup əməkdaşı ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının qonağı oldu. Azərbaycanla tanışlıq məqsədi daşıyan səfərin iştirakçılarını Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qəbul etdi.
Konfederasiyanın fəaliyyəti barədə qonaqlara məlumat verən ASK prezidenti türk iş adamları ilə birlikdə üçüncü ölkələrdə biznes qurmağı təklif etdi.
“Türkiyədə azərbaycanlı sahibkarların sayı sürətlə artır, eyni zamanda ölkəmizdə ilk sahibkarlar sırasında türk iş adamları daha çox olub. Biz sizinlə işləməyə hazırıq”, deyən M. Musayev həm işəgötürənlərin həm də sahibkarların dövlətlə dialoqunda ASK-nın vasitəçilik missiyasına toxundu.
Ankara Ticarət Odasının başkanı Gürsel Baran Ankaranın logistika imkanlarına toxunaraq, termal sularla zəngin olduğunu bildirdi: “İlk dəfə dünən Ankara=Bakı reysi açıldı. Ümumilikdə iki ildə Ankaradan 12 reys işə başladı. Ankara ilə Bakı arasında 200 milyon dollarlıq dövriyyə var, bu əməkdaşlıq perspektivi baxımından çox azdır”.
Gürsel Baran Azərbaycan ilə Türkiyə arasında strateji layihələrə toxunaraq, Asiya ilə Avropa arasında hər iki ölkənin bir körpü olduğunu söylədi. M. Musayev də öz növbəsində birgə palata yaradılması təklifi üzərində işlədiklərini qonağın diqqətinə çatdırdı.