Azərbaycanda Orqanik Qida Festivalı təşkil olunacaq
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətinin dəstəyi, Proaktiv Şirkətinin təşkilatçılığı ilə 21-23 iyun tarixlərində ölkəmizdə ilk dəfə olaraq Dənizkənarı Milli Parkda Orqanik Qida Festivalı (Organic Food Festival) keçiriləcək.
Festivala həsr olunan mətbuat konfransında çıxış edən Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova bildirib ki, “Staretji Yol Xəritəsi”ndə göstərildiyi kimi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal olunması və istehlakçılara çatdırılması mühüm hədəflərdən biridir.
“Nəzərə almaq lazımdır ki, orqanik məhsulun yetişdirilməsi çox çətindir, çünki bu məhsullar kimyəvi dərman və qatqılardan istifadə etmədən təbii üsulla yetişdirilir. Orqanik məhsul istehsal etmək üçün ilk növbədə torpağın xüsusiyyətləri öyrənilməli, eləcə də ətraf ərazidə mövcud olan təsərrüfat sahələri yoxlanılmalıdır. Bu istiqamətdə Dövlət Aqrar Ticarət Şirkəti sahibkarları maarifləndirir və orqanik məhsulların istehsalına təşviq edir. Bu gün Şirkət tərəfindən ekoloji təmiz məhsul yetişdirən sahibkarların məhsullarının da satıldığı “Kənddən Şəhərə” satış mərkəzi fəaliyyət göstərir.”
L.Məmmədova bildirib ki, yaxın zamanlarda ölkədə orqanik məhsulların satışının təşkil ediləcəyi 5 yaşıl marketin istifadə verilməsi nəzərdə tutulur.
ASK-nın Sahibkarlarla İş və Kommunikasiya Şöbəsinin müdir müavini İlhamə Abdullayeva qeyd edib ki, Azərbaycanın milli istehsalında qida sektorunun xüsusi payı var və bu pay hər il artır.
“Qida sektorunda çalışan güclü yerli şirkətlərimiz xarici tərəfdaşları ilə bazarda ciddi rəqabət aparırlar. Hesab edirik ki, bu festival bir platforma kimi həm də keyfiyyətli qida brendlərimizin tanınmasına xidmət edəcək.”
Proaktiv Şirkətinin direktoru Şahanə Sarı çıxışında dövlətimizin yürütdüyü uğurlu iqtisadi siyasətə dəstək olaraq təşkil olunacaq festivalda “Made in Azerbaijan” brendinin təşviqini hədəfləməklə yanaşı, ölkəmizdə satışı həyata keçirilən ekoloji sağlam qida və içki markalarının mövcud və potensial istehlakçı auditoriyası ilə birbaşa əlaqə quracağını söyləyib.
O, açıq havada qurulacaq əyləncəli festivalda həmçinin qida sənayesi üzrə yerli və beynəlxalq avadanlıqlar, qida və qida mədəniyyəti ilə bağlı müxtəlif məhsul və xidmətlər nümayiş etdiriləcəyini bildirib.
Qeyd edək ki, layihədə 40-dan artıq yerli və beynəlxalq markanın, 5000-dən artıq ziyarətçinin iştirakı gözlənilir.