skip to Main Content

Bakıda illik insan resursları konfransı və sərgisi keçirilib

Bakıda Illik Insan Resursları Konfransı Və Sərgisi Keçirilib

Bugün Bakı Konqres Mərkəzində “İnsan Resursları Biznes Tərəfdaşlığı” mövzusunda illik konfrans keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi, Azərbaycan İnsan Resursları Peşəkarları platformasının təşkilatçılığı ilə keçirilən konfransda platformanın üzvü olan 200 şirkətin 300-dən çox nümayəndəsi iştirak edib.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan dərin iqtisadi islahatların əsas təkanverici qüvvəsi də elə peşəkar kadrlar, insan resurslarıdır. Bu baxımdan Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi hədəfi istiqamətində görülən işlər artıq öz bəhrəsini verir. Artıq ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərin idarəetmə komandasında azərbayacanlılar daha üstünlük təşkil edir. “Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq ölkəmizin iqtisadi inkişafı naminə insan resurslarının inkişafı və peşəkar sahibkarlar sinfinin formalaşmasında öz köməyimizi həmişə göstəririk və bu misssiyanı gələcəkdə də davam etdirəcəyik”.

Panel müzakirələrində səslənən maraqlı fikirlərə görə, gələcəyin peşələri dəyişir və Azərbaycan bu prosesi ciddi şəkildə izləməlidir. ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun sözlərinə görə, alimlər 37 ixtisasın ləğv olunacağı və 186 yeni ixtisasın yaranacağını anons ediblər. V. Zeynalov özünütəhsilin mühüm olduğunu vurğulayaraq, sahibkarların peşəkar kadrlara ehtiyacı olduğunu qeyd etdi. Eyni zamanda universitetlərin müasir peşələrə yönəlik ixtisaslar üzrə təhsilə önəm verməsinin vacibliyini vurğuladı.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktor müavini Fərid Əhmədov isə insan resurslarının hər bir şirkətdə mühüm yeri olduğunu və əlavə dəyər qazanmaqda roluna toxundu. Onun sözlərinə görə, HR strategiyası vacibdir və şirkətin inkişafı həm də bundan keçir. Daha sonra vurğulandı ki, 2030-cu ilə qədər ölkədə “Məşğulluq strategiyası”na uyğun olaraq həm məhsullar, həm də işçilərin rəqabət qabiliyyəti yüksəkdilməlidir və əmək bazarının öyrənilməsinə ciddi ehtiyac var.

Qeyd edək ki, tədbir panellər üzrə bu sahədə mövcud vəziyyət və təkliflərlə davam edib.

Back To Top