Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası təsis ediləcək
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi səfir Bağdat Amreyev ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının qonağı oldu.
Görüş zamanı ASK prezidenti M. Musayev qonağa ölkəmizdə həyata keçirilən effektiv iqtisadi islahatlar, ASK-nın fəaliyyəti, ölkəmizdə yaranmış münbit iqtisadi mühit barədə məlumat verdi. Səfir öz növbəsində ASK-nın 20 illiyi münasibətilə bütün əməkdaşları səmimi təbrik etdi. O, cari ilin oktyabr ayının 15-də Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşünün keçirilməsi barədə söz açaraq qeyd olunan mötəbər tədbirə hazırlıq işləri barədə məlumat verdi. Görüş zamanı Bakıda planlaşdırılan Zirvə Görüşü çərçivəsində Şuraya üzv olan ölkələrin və maraq göstərən dövlətlərin iş adamlarının iştirakı ilə müvafiq Beynəlxalq Biznes Forumun keçirilməsi təklif olundu.
Bağdat Amreyev Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təsis edilməsi ilə bağlı ASK-nın Prezidenti Məmməd Musayevi 17 may 2019-cu il tarixində Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçirilməsi planlaşdırılan imzalanma mərasimində iştirak etməyə dəvət etdi.
O, 3 sentyabr 2018-ci il tarixində Çolpon Ata şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı Zirvə Görüşündə Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təklif – Əməkdaşlıq Şurasının İnvestisiya Fondunun yaradılması barədə təklifinin böyük müsbət əks-səda doğurduğunu bildirdi. Səfir hal-hazırda qeyd olunan Fondun nizamnamə kapitalının formalaşma ərəfəsində olduğunu, hətta bu fonda üzv ölkələrdən Türkiyə, Azərbaycan, Qazaxıstan ilə yanaşı qurumun müşahidəçi üzvü Macarıstan, habelə beynəlxalq maliyyə institutları, o cümlədən İslam İnkişaf Bankı tərəfindən də töhvə verilməsi məqsədilə maraq göstərildiyini söylədi.