Sahibkarlar Konfederasiyasının hər bir rayonda nümayəndəsi olacaq
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təşkilatlanma prosesində daha bir mərhələni uğurla icra etməyə start verdi Konfederasiya hər bir rayonda nümayəndəsini seçmək üçün uzun müddətdir ki, apardığı işlərin birinci mərhələsini artıq başa vurub.
2019-cu il, iyunun 4-də Azərbaycan Sahibkarlar Konfederasiyasında 30-dan çox rayondan seçilmiş nümayəndələrlə görüş keçirildi. Görüşü Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov açaraq, rayon sahibkarlarına Bakıdakı bu görüş üçün təşəkkür etdi.
Sonra nümayəndələr haqqında məlumatlar dinlənildi və Konfederasiya rəhbərliyi onların yerlərdəki sahibkarlarla görəcəyi işlər, xüsusən də rayonlarda sahibkarların çətinlikləri, maliyyə resurslarına çıxış imkanları, torpaq mülkiyyəti və s. məsələlərdə hüquqi cəhətdən marifləndirilməsi, uçotun qurulmasındakı roluna toxundu.
Bakıdakı sahibkarlardan fərqli olaraq rayonda işləyən sahibkarlar arasında kommunikasiyanın zəif olduğu vurğulandı və buna görə də sahibkarların böyük bir platforma kimi ASK ətrafında daha sıx birləşmələrinin vacibliyi vurğulandı.
Sonra sahibkarlar hər bir rayon üzrə, xüsusən də əkinçilik və maldarlıq sahəsində irəliləyişlər olduğunu, sahibkarların bu il yüksək məhsuldarlıq götürəcəklərini bildirdilər.
İclas təşkilatı məsələlərin həlli və görüləcək işlərin müzakirəsi istiqamətində təkliflərlə başa çatdı.