ASK Mingəçevirdə “Regionların inkişafında biznes-maliyyə sektorunun dialoqu” mövzusunda dəyirmi masa keçirdi
İyunun 27-də Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində “Regionların inkişafında biznes-maliyyə sektorunun dialoqu” mövzusunda dəyirmi masa təşkil olundu.
Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədovanın rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Banklar Assosiasiyası və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri iştirak edirdi.
Görüşdə həmçinin Mingəçevir şəhər sahibkarları və regionda təmsil olunan bankların rəsmiləri iştirak etdilər.
Tədbiri açan Kristina Məmmədova Mingəçevirdə fəaliyyət göstərən “Elastik”MMC-nin direktoru Vaqif Həsənovu təqdim edərək, onun ASK-nın Mingəçevir şəhər nümayəndəliyinin rəhbəri seçildiyini elan etdi.
Dəyirmi masada sahibkarlar qarşılaşdıqları problemlər, xüsusən də bank kreditlərinin faizləri barədə, sənaye sektorunan inkişafı üçün xüsusi kredit məhsullarının təqdim edilməsi barədə məsələ qaldırdılar. Bankirlər sahibkarların bununla bağlı suallarını cavablandırdılar və qərara alındı ki, sənaye sahəsi üzrə yeni kredit məhsulu yaradılsın.
Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Rəsul Rəsulov fondun xidmət mexanizmi barədə sahibkarları məlumatlandırdı və sahibkarların fəaliyyətinin optimallaşdırılması üçün müvəkkil bankların sayının artırılmasını təklif etdi. Banklar Assosasiyasının nümayəndəsi Əzizağa Haxverdiyev çıxışında bankların kredit faizləri və sənaye sahəsinin maliyyələşdirməsi imkanları barədə məlumat verdi.
Görüşdə həmçinin sahibkarlarların içməli su, ticarət, turizm üzrə qaldırdıqları suallar ASK-ya ünvanlandı.
Qərara alındı ki, bütün problemlər V.Həsənov tərəfindən toplanaraq, birgə komissiyalarda qaldırılması üçün ASK-nın baş ofisinə göndərilsin.