skip to Main Content

ASK-nın xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatdı

ASK-nın Xarici ölkələrdəki Nümayəndələrinin Sayı 18-ə çatdı

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi təyin edilib.

ASK baş katibinin müavini Fuad Hümbətovun sözlərinə görə, xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması istiqamətində fəaliyyəti çərçivəsində, Azərbaycan ilə Bosniya və Herseqovina Federasiyası, Serbiya və Monteneqro arasında qurulan uğurlu dostluq əlaqələrini, azərbaycanlı sahibkarlar tərəfindən bu ölkələrin iqtisadiyyatına qoyulan investisiyanın həcminin gündən-günə artdığını nəzərə alaraq ASK-nın bu ölkələrdə nümayəndəsi vəzifəsinə Azərbaycan Respublikasının vətəndaşı Seyran Mirzəzadə təyin olunub. Beləliklə də Konfederasiyanın xarici ölkələrdəki nümayəndələrinin sayı 18-ə çatıb.

Bosniya və Herseqovina Federasiyası, Serbiya, Monteneqro respublikaları üzrə nümayəndəsi bu ölkələrdə sahibkarlarımız üçün tərəfdaşların axtarılıb tapılmasında, xarici ölkələrdə investisiya imkanlarının araşdırılmasında, marketinq təhlili və müvafiq məlumat təchizatında  iştirak edəcək.

Mirzəzadə həmçinin nümayəndə kimi sahibkarlığın inkişafı ilə əlaqədar müvafiq təklif, hesabat və proqramlar da hazırlayacaq.

Qeyd edək ki, Seyran Mirzəzadə 2001-ci ildən 2016-cı ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışıb.

Eyni zamanda, S. Mirzəzadə 2016-cı ildən etibarən Monteneqroda təsis edilmiş Azərbaycan – Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzinin (http://www.azcec.me/az/) direktoru vəzifəsini icra edir.

Back To Top