skip to Main Content

“Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektorun rolu” müzakirə olundu

“Dayanıqlı İnkişaf Məqsədləri Istiqamətində Layiqli əməyin Və Inklüziv Inkişafın Təmin Olunmasında özəl Sektorun Rolu” Müzakirə Olundu

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı nümayəndəliyi birlikdə “Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektorun rolu” mövzusunda seminar təşkil edib.

Tədbiri açan ASK-nın baş katib əvəzi Kristina Məmmədova bu seminarın Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə müəyyən edilmiş prioritetlərin həyata keçirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi Elnur İbrahimov ümumilikdə DİM-lərin insanların rifahının yüksəldilməsinə yönəldiyini qeyd edərək, Azərbaycanda “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası”nın fəaliyyət göstərdiyini bildirib. E.İbrahimov DİM-lər üzrə prioritetlərin dövlət qurumları tərəfindən təkbaşına yerinə yetirilməsinin çətin olduğunu və bunun üçün bütün maraqlı tərəflərin bu prosesə qoşulmasının vacibliyini diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndirmə ofisinin DİM-lər üzrə məsləhətçisi Delevar Barekzai də bu fikri təsdiqləyərək, bütün sosial tərəfdaşları bu işə qoşulmağa çağırıb: “Bu sahədə dövlət və özəl sektorlar ilə birlikdə Azərbaycan üzrə prioritetlərin müəyyənləşdirilib və bu məqsədlə lazımi texniki yardım göstərilir”.

BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev cari ilin iyul ayında Amerika Birləşmiş Ştatlarında DİM-lər üzrə yüksək səviyyəli forumun keçirildiyini vurğulayaraq, bu tədbirdə BƏT-in baş direktorunun “Əməyin gələcəyi: çıxış üçün ayrılan vaxtın sonu” adlı xüsusi hesabatla çıxış etdiyini xatırladıb. O, seminarın mövzusunun cari ilin iyun ayında BƏT-in Cenevrə şəhərində təşkil olunmuş konfransı zamanı qəbul edilmiş bəyannaməyə uyğun olduğunu söyləyib.

Y.Həmzəyevin sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2019-2030-cu illər üzrə məşğulluq strategiya təsdiq edilib və ölkəmiz bu sahədə ümumilikdə 58 konvensiya və protokola qoşulub.

Eyni zamanda, Y.Həmzəyev hökümət, sahibkarlar konfederasiyası və həmkarlar ittifaqı konfederasiyasının birgə üçtərəfli komissiyanın yaradılmasını yüksək qiymətləndirib. Daha sonra tədbir təqdimatlarla və müzakirələrlə davam edib.

Back To Top