skip to Main Content

ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi

ASK-nın Təmsil Olunduğu Türkdilli Dövlətlərin Ticarət Və Sənaye Palatasının Strukturu Təsdiqləndi

Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda ilk iclası keçirilib. Ölkəmizi bu mötəbər qurumda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev təmsil edib.

İclasın açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, TOBB (Türk Odalar və Borsalar Birliyi) rəhbəri M.Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov və Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının rəhbəri Marat Sharshekeev çıxış ediblər.

TOBB-un rəhbəri Rifat Hisarcıklıoğlu çıxışında “Çox şükür, bu böyük layihəni gerçəkləşdirdik”, – deyib.

Qeyd edək ki, ilkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təmsil olunacaq. Türkmənistan və Özbəkistan isə müşahidəçi qismində iştirak edirlər.

Hisarcıklıoğlunun sözlərinə görə, bu 6 ölkənin 1,1 trilyon dollarlıq iqtisadi dövriyyəsi var və 160 milyonluq əhaliyə sahibdir. Ticarətin ən böyük sülh və rifah qaynağı olduğuna diqqət çəkən Hisarcıklıoğlu, “Biz də öncə, ölkələrimiz arasındakı ticari əngəlləri aradan qaldırmalı, bir-birimizlə ticarəti artırmalıyıq. Avropa Birliyinin bənzəri olan bir uğur hekayəsini, biz də yazmalıyıq. Türkdilli dövlətlərin Biznes Şurası və Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası bu hədəfə çatmağımıza imkan yaradacaq. İnanıram ki, əl-ələ versək, hökumətlərimiz və iş dünyası birlikdə çalışarsa, yeni uğur hekayələrini Türk dünyası da yazacaqdır”, deyib.

ASK prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan ilk gündən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının yaradılmasına dəstək verib: “Bu qurumun ölkələrimiz üçün faydalı bir təsisat olacağına inanıram. Hər birinizə bu yolda uğurlar arzulayıram”.

Keçirilən səsvermə nəticəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təşkilatı strukturu təsdiqlənib. Palatanın prezidenti vəzifəsi Rifat Hisarcıklıoğluna həvalə edilib, baş katib isə Adem Kula seçilib.

Back To Top