Azərbaycan Sahibkarlar Konfederasiyası daha bir əməkdaşlıq memorandumu imzalayıb
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu ASK adından vitse-prezident Vüqar Zeynalov və Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının prezidenti Kazbek Xazbiyeviç Tuqanov rəsmiləşdirib.
Qeyd edək ki, hazırda Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının bir qrup üzvü Azərbaycanda biznes səfərindədirlər. Səfər çərçivəsində ASK-da görüş keçirən qonaqlar Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
K.Tuqanovun sözlərinə görə, Osetiya sahibkarlarının əməkdaşlıq etmək istədikləri ölkələr sırasında Azərbaycan öndədir: “Azərbaycan bizim qonşumuzdur və mental olaraq bir-birimizi tanıyırıq”.
ASK ilə birgə işbirliyinə böyük önəm verdiklərini vurğulayan K.Tuqayev işgüzar əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu söyləyib.
Görüşdə Şimali Osetiya-Alaniya Respublikasının sahibkarları öz məhsullarının qısa təqdimatını keçiriblər və azərbaycanlı həmkarları ilə danışıqlardan razı qaldıqlarını bildiriblər.