Məmməd Musayev: Azərbaycanda iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edib.
M.Musayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının potensialının daha da yüksəlməsinə şərait yaratmış, ölkəmizdə dayanıqlı və sabit iqtisadi sistem formalaşmışdır. Ölkədə sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirmiş, iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır.
“Görülən bu tədbirlərlə yanaşı ölkədə sahibkarlığın inkişafı sahəsində şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə çox vacib məsələlərdən biridir. Belə ki, bu gün rəsmi fəaliyyətlə yanaşı, uçotdan yayındırılan paralel iqtisadi dövriyyələr qismən də olsa hələ də mövcuddur. Hər bir dövlət, o cümlədən Azərbaycan da onun səviyyəsinin və həcminin azaldılması ilə bağlı tədbirlər görür”. deyən ASK rəhbəri hazırda Azərbaycanda iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlandığını söyləyib. O, sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması istiqamətində iş aparıldığını deyib.
ASK prezidenti son dövrlərdə ölkədə ictimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbi olmaqla yanaşı, əvvəllər ölkədə mövcud olan kölgə iqtisadiyyatının həcminin dəfələrlə aşağı düşməsinə səbəb olub: “Azərbaycan modeli olan habelə əhaliyə tez, rahat və keyfiyyətli xidmətlər göstərilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzləri kölgə iqtisadiyyatına qarşı mübarizədə tutarlı bir alətə çevrilmişdir”.
M.Musayev son illərdə vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklərin, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlərin də ölkədə şəffaflığın təmin olunmasına xidmət etdiyini vurğulayıb.
“Rəqəmsallaşma vergi inzibatçılığının effektivliyini artırır. Bu proses, yeni vergiləri tətbiq etmədən və ya onları artırmadan böyük sayda vergiödəyicilərindən vergi toplamağa şərait yaradır. İnnovativ texnologiyalar insan, biznes və dövlət arasında olan ənənəvi əlaqə üsullarını dağıdaraq yeni biznes modellər yaradır. Məqsəd vergi öhdəliklərini yerinə yetirməkdə daha məsuliyyətli olmağa kömək etməkdir. Bu kompleks bir fəaliyyətdir, vergiödəyiciləri üçün komfortlu bir mühitin yaradılmasıdır. Bu siyasətin hədəfində hər şeydən öncə vergiödəyicisi və vətəndaş məmnunluğu durur.
2019-cu ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətlərindən biri vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Bu çərçivədə gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir çox sahədə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi bu prosesi daha da gücləndirir.
Sahibkarlar da öz sosial məsuliyyətini artırmalı və çalışmalıdırlar ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti naminə ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması üçün vergilərin tam həcmdə ödənilməsini təmin etsinlər. Anlamalıyıq ki, yayındırılan hər manat iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə vurulan zərbədir. Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlarla bu sahədə daim iş aparır.
Gömrük sahəsində həyata keçirilən dəyişikliklər də şəffaflığın təmin olunmasında əhəmiyyətli rol oynamışdır. 2019-cu ilin fevralın 1-dən qısa idxal bəyannamələrinin tətbiqinin həyata keçirilməsi və bu sənədin elektron idarəetmə sistemi vasitəsilə vergi orqanlarına ötürülməsi nəticəsində haqsız rəqabət aradan qaldırılmış, şəffaflığın təmin olunmasına münbit zəmin yaradılmışdır.
Ölkə Prezidentinin Sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində DOST Agentliyinin yaradılması dövlətin sosial siyasətinin həyata keçirilməsində yeni bir keyfiyyət mərhələsinin başlanğıcı olmaqla yanaşı, sosial sahədə şəffaflığın təmin edilməsinə daha çevik və keyfiyyətli xidmət göstərilməsini təmin edir. Azərbaycanın məşğulluq və sosial təminat siyasəti dünyada mövcud olan ən yaxşı təcrübəni özündə birləşdirir.
Ölkədə nağdsız ödəmələrin əhatə dairəsinin genişləndirilməsi, vətəndaşların və xüsusilə sahibkarların nağdsız hesablaşmalar aparması istiqamətində marağını artırmaqla pul dövriyyələrinin şəffaflaşmasına və leqallaşmasına şərait yaradılmışdır.
Eyni zamanda 2019-cu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ilk nöbədə ölkədə həyata keçirilən iqtisadi, sosial islahatların, köklü transformasiya proseslərinin daha uğurlu nəticələr verməsi üçün hüquqi təminat yaradılması və ölkənin hüquq sistemində şəffaflığın təmin edilməsində mühüm əhəmiyyətə malik sənədir.
Prezident İlham Əliyevin dərin islahatlar ili kimi qiymətləndirdiyi 2018-ci ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı sahəsində mövcud maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəlmişdir ki, bu da Kiçik və Orta Biznes Agentliyinin kölgə iqtisadiyyatına qarşı aparılan işlərə yardımçı olacağının göstəricisidir.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq Vergilər Nazrliyi, Gömrük Komitəsi, Əmək və Əhalinin Sisial Müdafiəsi nazirliyi və digər aidiyyati dövlət qurumları ilə birlikdə şəffaflığın təmin edilməsi sahəsində sahibkarlara münbit şəraitin yaradılması, maliyyə intizamının gücləndirilməsi, vergi uçotunun düzgün təşkili istiqamətində mütamadi olaraq silsilə tədbirlər həyata keçirir.
Konfederasiya hazırda sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, kölgə iqtisadyyatına qarşı mübarizə məsələlərini əhatə edən mövzular üzrə treninqlər və seminarlar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır.
Biz Sahibkarlar Konfederasiyası olaraq dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək öhdəmizə düşən vəzifələri daha da məsuliyyətlə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artması məqsədilə bütün qüvvəmizi səfərbər edəcəyik.
Ümidvaram ki, bu günkü Konfrans milli inkişaf prioritetlərinə və zamanın çağırışlarına uyğun müzakirələri, gəlcəyə yönəlmiş təklifləri ilə bütün ölkəmiz üçün səmərəli və əhəmiyyətli olacaqdır”.