ASK prezidenti «ОПОРА РОССИИ» təşkilatının nümayəndə heyətini qəbul edib
Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Aleksandr Sergeyeviçin rəhbərlik etdiyi «ОПОРА РОССИИ» Ümumrusiya Kiçik və Orta Biznesə Dəstək Təşkilatının nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Məmməd Musayev Azərbaycan ilə Rusiya arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayaraq, “iqtisadi əlaqələrimizi bu səviyyəyə çatdırmağa çalışmalıyıq”, deyib.
ASK prezidenti Rusiya ilə iqtisadi əlaqələrin möhkəmlənməsi üçün ənənələri xatırladaraq, inkişaf üçün böyük potensialın mövcudluğunu bildirib. M.Musayev ASK-nın fəaliyyəti, institusional quruluşu və həyata keçirdiyi layihələr haqqında qonağa məlumat verib və Azərbaycan sahibkarlarını təmsil edən ən böyük təşkilat kimi dövlət-sahibkar dialoqunda tutduğu mövqeyindən danışıb: “Azərbaycanda sahibkarlıqla bağlı bütün qanunvericilik aktlarının müzakirəsində ASK-nın təklifləri nəzərə alınır. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi ilə ikitərəfli komissiyalarımız fəaliyyət göstərir”.
Aleksandr Sergeyeviç vitse-prezidentlərindən biri – Eduard Omaroviçin Bakıda anadan olduğunu qeyd edərək, onun Azərbaycan sevgisinin əlaqələrin inkişafına müsbət təsirindən danışıb.
«ОПОРА РОССИИ»nın prezidenti bu ilin noyabr ayında Rusiya və Azərbaycan arasında gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı müzakirələr keçiriləcəyini bildirərək, ASK üzvlərindən bununla bağlı “keyslər”ini göndərmələrini xahiş edib.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov kənd təsərrüfatı və şərab məhsullarının ixracında müəyyən çətinliklərin olduğunu xatırladaraq, bu müzakirələrin sahibkarlar üçün faydalı olacağını söyləyib. Sahibkarları birləşdirən hər iki təşkilat qarşılıqlı əməkdaşlıq üçün öz təkliflərini səsləndiriblər.