“Dayanıqlı inkişaf məqsədləri (DİM) və biznes mühiti” mövzusunda konfrans keçirilib
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində noyabrın 21-də “Dayanıqlı inkişaf məqsədləri (DİM) və biznes mühiti” mövzusunda konfrans keçirib.
Konfransda çıxış edən ASK-ın prezidenti Məmməd Musayev Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlığın inkişafı, xüsusən də dayanıqlı iqtisadiyyatın qurulması istiqamətində mühüm addımlar atıldığını bildirib. Qeyd edib ki, ölkədə qeyri-neft sektorunun, regionların inkişaf səviyyəsinin artan dinamikası Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş milli sahibkarlığın formalaşmasının bariz nümunəsidir. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət “Gündəlik 2030” təsdiq edilib. Müəyyən edilmiş qlobal məqsəd və hədəflər dayanıqlı inkişafın bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələrində tarazlı idarəetmənin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən icrası zəruri hesab olunan kollektiv tədbirləri özündə əks etdirir. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alan ölkə rəhbərliyinin Fərmanı ilə Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın qarşısına qoyulan məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən bir sıra önəmli tədbirləri əhatə edir. Hər bir ölkədə sahibkarlığın inkişafı orada yaradılan biznes mühitdən birbaşa asılıdır.
O deyib ki, ölkədə aparılmiş islahatların nəticələri beynəlxalq hesabatlarda da öz əksini tapıb, “Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə qərarlaşıb. Belə ki, Azərbaycan kreditlərin əlçatanlığı üzrə 1-ci, biznesə başlama üzrə 9-cu, müqavilələrin icrası üzrə 28-ci, vergilərin ödənilməsi üzrə 40-cı, əmlakın qeydiyyatı üzrə 44-cü, müflisləşmənin həlli indikatoru üzrə 47-ci və tikinti üçün icazələrin alınması üzrə 59-cudur. Göründüyü kimi, Azərbaycanın bu hesabatda ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində “Daşınar əmlakın yüklülüyü haqqında” Qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklərlə uyğunlaşdırmaların aparılması daha çox səmərə verib.
“Eyni zamanda, Azərbaycanda biznes-mühitin vəziyyəti ilə bağlı dünyada ən məşhur və qəbul edilən iki indeksi diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri “İqtisadi azadlıq indeksi”dir ki, Azərbaycan müstəqillik tarixində iqtisadi azadlıq indeksini ən çox yaxşılaşdıran ölkədir və hazırda bu reytinqdə 61-ci yeri tutur. İkinci göstərici “Doing Business” reytinqidir, ölkəmiz burada 190 ölkə arasında ən çox islahat aparan 20 ölkədən biridir. Bunu təsdiqləyən faktlardan biri ondan ibarətdir ki, Azərbaycanda bu ilin 10 ayı ərzində əsas kapitala yönəldilmiş 11,4 milyard manat vəsaitin 63 faizi və ya 7,2 milyard manatı qeyri-neft sektoruna yönəldilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım deməkdir”, – deyə M. Musayev qeyd edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, BMT-nin 2015-ci ildə sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlikdə əks olunan dayanıqlı inkişaf məqsədləri 2016-cı il yanvarın 1-i tarixində rəsmi şəkildə qüvvəyə minib. Qlobal məqsədlər kimi tanınan dayanıqlı inkişaf məqsədləri minilliyin inkişaf məqsədlərinin əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Həmin Fərmanın icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Milli Əlaqələndirmə Şurasının fəaliyyətinin təşkili üçün Katiblik formalaşdırılıb. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupunun birgə müzakirəsi ilə Azərbaycan üçün prioritet hesab edilən məqsəd, hədəf və ona uyğun göstəricilərin yekun layihəsi hazırlanıb və şuranın bu il fevralın 7-də keçirilən iclasında təsdiq edilib. Yekun layihəyə əsasən, Azərbaycan üçün 17 məqsəd, 88 hədəf və 119 göstərici prioritet hesab edilərək təsdiq olunub və bu sahədə silsilə tədbirlər keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev qeyd edib ki, 2013-cü ildən bu günə minimum əmək haqları ölkədə 20 dəfə, orta aylıq əməkhaqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə, orta aylıq pensiya 9,7 dəfə, ölkədə 2,2 milyondan çox yeni iş yerləri yaradılıb. Ölkə başçısı tərəfindən 2018-ci ildən başlayaraq sosial sahədə tamam fərqli və daha dərin islahatlar həyata keçirilir. Ötən iki il ərzində bu işləri təhlil etdikdə görürük ki, sosial sahənin bütün istiqamətləri üzrə həm vətəndaşlara xidmət, həm sosial ödənişlərin adekvatlığının təmini, şəffaflığın təmin olunması, vətəndaş-məmur təmasının azaldılması ilə bağlı çox ciddi qərarlar qəbul edilib.
Sonra ASK-ın vitse-prezidenti Jalə Hacıyeva və konfederasiyanın Baş katibinin müavini Fuad Hümbətovun moderatorluğu ilə müzakirələr aparılıb. Konfransda sahibkarlığın və iqtisadi inkişafın müxtəlif parametrləri üzrə keçirilmiş sorğunun nəticələri təqdim olunub.
Qeyd edilib ki, sorğuda Bakı və rayonlarında fəaliyyət göstərən 500 şirkət iştirak edib. Ölkədə keçirilən islahatları dəstəkləyən iştirakçılar qanunvericilik bazasının və dəstək mexanizmlərinin tətbiqi ilə bağlı əlavə məlumatlara ehtiyac duyduqlarını bildiriblər. Ümumiyyətlə, sahibkarlar gələcəyə böyük ümidlə baxdıqlarını, bizneslərini böyüdəcəklərini qeyd ediblər.