skip to Main Content

Rusiyanın ixrac missiyası Azərbaycanda səfərdə olub

Rusiyanın Ixrac Missiyası Azərbaycanda Səfərdə Olub

Rusiyalı bir qrup biznesmen 4-6 dekabr tarixlərində Azərbaycanda işgüzar səfərdə oldular.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), “ASK Business Consulting” (ABK) şirkətinin və Rusiyanın “Экспо – Контракт” şirkətinin təşkilatçılığı ilə Orenburq vilayətini təmsil edən sahibkarlar Azərbaycan şirkətləri, dövlət qurumlarının rəhbərləri və nümayəndələri ilə görüşüblər.

B2B görüşlərdə öz məhsul və xidmətlərini təklif edən Rusiya şirkətləri Azərbaycan bazarına böyük maraq göstərdiklərini bildiriblər.

Orenburq vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri Darya Makarova bildirib ki, Azərbaycanda böyük bazar var və Rusiyadan ölkəmizə xeyli məhsul idxal olunur.

“Azərbaycan 2020-ci ildən başlayaraq bizim prioritet bazarlar sırasına daxildir. Sizin bazarı öyrənmişik və ehtiyaclarınızı bilirik. Məlumdur ki, Bakı daima inkişaf edir və ona görə də şirkətlərimiz arasında tikinti materialları sektorunun təmsilçisi də var. Eyni zamanda kənd təsərrüfatı, qablaşdırma ilə bağlı sahibkarlar da iştirak edir. Azərbaycanda çalışmaq istəyən istənilən sahibkarımızı dəstəkləməyə hazırıq”, – deyən D.Makarova xalqlarımızın tarixi  dostluğunu xatırladıb.

Mərkəzin rəhbəri Rusiya ilə Azərbaycan xalqlarının dostluğunu, bir-birimizə  nə lazım olduğunu bildiyimizi vurğuladı. Onun sözlərinə görə, yaxın gələcək üçün əməkdaşlıq planları artıq hazırdır”.

İxraca Dəstək Mərkəzinin layihələr üzrə rəhbəri Kvarç Georgi Boqdanoviç mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ixracı subsidiyalaşdırmaq, faktorinq, sövdələşmələrin hazırlanmasında sahibkarlara dəstək olan Mərkəz nəticədə ixracla bağlı sahibkarların bütün risklərinin azalmasına kömək edir.

“Biz Azərbaycanda məhsullarımızın sərgisini keçirməyi planlaşdırırıq. Düşünürük ki, həmin sərgidə ölkəniz üçün gətirdiyimiz məhsullarla bərabər, Rusiya bazarı üçün maraqlı ola biləcək Azərbaycan məhsulları da nümayiş edilsin. Biznesə qarşılıqlı yanaşmanı və hər iki ölkənin tələbatının ödənilməsini həyata keçirməyi planlaşdırırıq”, -deyə cənab Boqdanoviç söyləyib.

Back To Top