skip to Main Content

Azərbaycan Sahibkarlar konfederasiyasının “Turizm və xidmət üzrə iş” komissiyasının iclası keçirilmişdir

Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm Və Xidmət üzrə Iş”  Komissiyasının Iclası Keçirilmişdir

Sentyabrın 3-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən  “Turizm və xidmət üzrə iş” komissiyasının iclası keçirilmişdir. İclas turizm sənayesi nümayəndələrinin problemli kreditlərinin həlli yolları və dövlətin dəstək mexanizmləri, “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarın müzakirəsinə həsr olunmuşdur. İclasda ASK-nın vitse-prezidenti, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, eləcə də vitse-prezidentlər Jalə Hacıyeva və Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak etmişlər.

İclası “Turizm və xidmət üzrə iş” komissiyasının sədri Ruslan Quliyev açaraq, sahibkarlardan daxil olan məktublar və sorğularla bağlı təkliflər hazırlanmasında bu müzakirələrin müsbət rolu olacağını bildirmişdir. Turizm sektorundakı mövcud vəziyyət və pandemiya ilə əlaqədar qeyri-müəyyənliklərin davam etməsinə toxunan R.Quliyev dövlət-özəl dialoqu nəticəsində çətinliklərin öhdəsindən birgə gələcəyimizi vurğulamışdır.

ASK-nın vitse-prezidenti Zakir Nuriyev bildirmişdir ki, pandemiyanın iqtisadiyyata təsirləri ilə bağlı mart ayından başlayaraq bir sıra qərarlar qəbul edilib və yaradılmış komissiyalardan biri də Azərbaycan Mərkəzi Bankının nəzdində fəaliyyət göstərir. “Konfederasiyanın prezidenti Məmməd Musayevin imzası ilə Azərbaycan Mərkəzi Bankına pandemiyadan zərərçəkən sahə olaraq turizm sektorundakı biznes sahələrinə yardımın göstərilməsilə əlaqədar müraciət edilmişdir. Mərkəzi Bank bu məsələni müzakirə edərək, İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə əlavə müraciətlər edilməsini tövsiyə edib. Eyni zamanda, bağlanmış banklarda qalmış sahibkarların aktivlərin reallaşdırılması ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət edilərək banklarda vəsaiti qalmış təşkilatların həmin aktivlərinin çıxarılması yollarının onlarla müzakirə edilməsi tövsiyə olunub”, – deyən Z.Nuriyev hazırda banklar tərəfindən mövcud kreditlərin 30 sentyabr tarixinədək restrukturizasiya edildiyini vurğulayıb.

Konfederasiyanın vitse-prezidenti Jalə Hacıyeva banklardakı və BOKT-lardakı problemli kreditlərlə bağlı sahibkarların bankdakı kuratorları ilə məsləhətləşmələr aparmasını təklif edib.

Sonra sahibkarlar bir illik kredit tətillərinin verilməsi və digər dəstək mexanizmləri, o cümlədən  “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”na dəyişikliklərlə bağlı təkliflərini veriblər.

“DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi 15 müddəada (artıq 2 müddəa ləğv edilmişdir) çətin tətbiq edilən qaydaların müəyyən edildiyini deyərək, bununla bağlı ekspertlərin iştirakı ilə yeni qaydaların hazırlanmasını xahiş etmişdir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Aytən Əlizamanlı “Sahman” proqramının turizm şirkətlərində tətbiqinə dair məlumat verərək, qaydaların təkmilləşdirilməsinin mümkün olduğunu bildirdi.

Görüşün sonunda ASK-nın vitse-prezidenti Vüqar Zeynalov dövlət-özəl əməkdaşlığı platfotrmasından istifadə edərək çətinliklərin həllinə birgə nail olunacağını vurğulamışdır. V.Zeynalovun təklifi ilə sahibkarların banklardakı problemli kreditləri ilə bağlı statistikanı formalaşdırmaq qərara alınmışdır ki, bununla bağlı mövcud mənzərə tam formalaşdırılsın.

Komissiya sədri R.Quliyev iclasın iştirakçılarına təşəkkür edərək, ASK-nın yeni təkliflər paketini formalaşdıraraq, hökumətə müraciət edəcəyini söyləmişdir.

Back To Top