Azərbaycan-Türkiyə İşgüzar Dəyirmi Masası keçirilib
Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önunə çiçək dəstələri düzüblər. Türkiyə nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksi və “Türk Şəhidliyi” abidəsini ziyarət edib.
Sonra Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında hər iki ölkənin sahibkarlıq təşkilatlarının iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib.
Dəyirmi Masada qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin ötən dövrdə yüksələn xətlə inkişaf etdiyi, dövlət başçılarının siyasi iradəsi və verdikləri tapşırıqlar ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğu vurğulanıb.
Mikayıl Cabbarov Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ölkəmizin haqlı mövqeyinə qəti və birmənalı dəstək göstərdiyini, daim sevincimizi və kədərimizi bölüşdüyünü qeyd edib. Bildirilib ki, Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi əlaqələr iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şərait yaradır. İki ölkə arasında keçirilən işgüzar tədbirlər çoxşaxəli biznes əməkdaşlığını genişləndirməklə, yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Bu baxımdan, 2021-ci ilin fevralında Ankarada keçirilmiş biznes-forum xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrini uğurla həyata keçirən Azərbaycan və Türkiyə mühüm nəqliyyat-logistika mərkəzlərinə çevrilib.
İqtisadiyyat naziri Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu, bu ilin martından qüvvəyə minən Preferensial Ticarət Sazişinin ikitərəfli ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacağını diqqətə çatdırıb. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsis edilməsi planlaşdırılan Ticarət Nümayəndəliyi də qarşılıqlı ticarətin artmasına töhfə verəcəkdir.
Bildirilib ki, Azərbaycandakı əlverişli biznes mühitindən yararlanan sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və rabitə sahələrində fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır. Hazırda Azərbaycanda qardaş ölkənin 4200-dən çox şirkəti fəaliyyət göstərir. Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran ölkədir. Azərbaycanın ən çox investisiya yatırdığı ölkə də məhz qardaş Türkiyədir. Bununla belə, Azərbaycanın investisiya imkanlarının daha geniş tanıdılması məqsədi ilə Türkiyənin müxtəlif şəhərlərində “Road Show” tədbirinin təşkil edilməsi planlaşdırılır.
Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişaf imkanları barədə fikirlərini bölüşən Mikayıl Cabbarov investisiya, sənaye, nəqliyyat-logistika, İKT, rəqəmsal ticarət, kiçik və orta sahibkarlıq, turizm və s. sahələrdə əlaqələrin inkişafı perspektivlərini qeyd edib.
İşğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, xarici investorlar üçün xüsusi təşviq proqramlarının nəzərdə tutulduğu diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə Türkiyə şirkətlərinin iştirak imkanlarının geniş olduğunu vurğulayıb.
Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcan bütün dünyanın pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın güclü iradə nümayiş etdirərək Qarabağı işğaldan azad etməsinin Türkiyədə böyük ruh yüksəkliyi və sevinclə qarşılandığını vurğulayıb. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda, investisiya yatırmaqda maraqlıdır. Türkiyənin ticarət naziri həmçinin, qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür, bu potensialın reallaşdırılması üçün birgə səylərimizi daha da artıracağıq.
Dəyirmi Masada iqtisadiyyat nazirinin müşaviri Səməd Bəşirli, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Tamerlan Tağıyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyə Palatalar və Birjalar Birliyinin prezidenti Rifat Hisarcıklıoğlu, Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat və digərləri çıxışlarında Qarabağın bərpası istiqamətində görüləcək işlər, eləcə də, sahibkarlıq, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Rəqəmsal Ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan imzalayıb.
Tədbirdə eləcə də, Türkiyə Sənayeçilər və İş Adamları Assosiasiyası (TÜSİAD) və Türkiyə Əsnaf və Sənətkarları Konfederasiyası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu da imzalanıb.