Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası arasında memorandum imzalandı
Bu gün Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (Azərbaycan Sahibkarlar Konfederasiyası) arasında memorandum imzalandı. Memorandum ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və s. məsələləri əhatə edir.
Memorandumu Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Bhatti və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev imzalayıb.
Görüşdə qeyd olunub ki, bu saziş ölkələrimiz arasında sahibkarların əməkdaşlıq əlaqələrini yeni müstəviyə çıxaracaq. Qarşılıqlı ticarət əlaqələrinin artırılması üçün görülən işlər barədə qısa müzakirələr aparılıb. X.Bhatti bildirib ki, Pakistanla Azərbaycan arasında 20 adda məhsulun imtiyazlı şəkildə ixrac-idxalı ilə bağlı sənəd hazırlanır və həmin məhsulların müəyyənləşdirilməsində Azərbaycan Sahibkarlar Konfederasiyası da öz təkliflərini verə bilər.