Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti ICCIA-nın İcraiyyə Komitəsinə üzv seçildi
Dekabrın 17-18-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 32-ci iclası keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2015-ci ildən bu təşkilatın üzvüdür və Direktorlar Şurasında təmsil olunur.
İclasda Konfederasiyanın Baş katibinin müavini Fuad Hümbətov iştirak edib. Həmçinin, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov da iclasda iştirak edərək, əməkdaşlıq imkanları və xarici investorlara göstərilən dəstək mexanizmləri mövzusunda çıxış edib.
Tədbir çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində həyata keçirilməkdə olan bir sıra layihələrə dair, o cümlədən “Masar” layihəsinin sərgisi, dünyada halal qida ilə bağlı görülmüş işlər haqqında beynəlxalq seminar, ailə təsərrüfatı və əl işləri sərgisi, İndoneziya Ticarət və Sənaye Palatası tərəfindən İndoneziyada investisiya imkanları və B2B görüşlər keçirilib.
Bununla yanaşı, iclas zamanı ICCIA-nın İcraiyyə Komitəsinə üzvlərin seçilməsinə dair səsvermə keçirilib. Səsvermə nəticəsində İslam Palatasının fəal üzvlərindən biri olan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev İcraiyyə Komitəsinin üzvü seçilib.
Eyni zamanda, ICCIA prezidentinin müavinlərinin seçilməsinə dair keçirilmiş səsvermədə Misir Ticarət Palataları Federasiyası, Qətər Ticarət və Sənaye Palatası rəhbərləri ilə yanaşı, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu İslam Palatasının prezidentinin müavinləri seçiliblər.
Səfər çərçivəsində Fuad Hümbətov, ICCIA prezidenti Şeyx Abdulla Saleh Kamel, Baş katib Şeyx Yusif Xələvi, Məkkə Ticarət və Sənaye Palatası Prezidenti Şeyx Kaaki, Oman Ticarət və Sənaye Palatasının prezidenti, Cibuti, Keniya və digər ölkələrin palata rəhbərləri ilə görüşlər keçirib və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı biznes səfərlərin təşkili məsələləri müzakirə edilib. İslam Palatasının prezidenti Abdullah Saleh Kamel, Baş katibi Yusif Həsən Xələvi ilə görüşdə 2022-ci ilin may ayında İslam Palatası və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi planlaşdırılan “Dayanıqlı Kənd Təsərrüfatı” Forumuna dair məsləhətləşmələr aparılıb. Görüş zamanı Forumun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi, həmçinin halal məhsullarının ixrac potensialının artırılmasına mühüm töhfə verə biləcəyi qeyd olunub.
Bundan əlavə, dekabrın 18-də Məkkənin Ticarət və Sənaye Palatasının binasında keçirilmiş B2B görüşlərdə Azərbaycanda əlverişli biznes mühiti, investisiya imkanları, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan quruculuq işləri və bu regionun investisiya baxımdan cəlbediciliyi barədə təqdimat edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.