Bakıda Aqrobiznesin İnkişafı Forumu keçirilir
Bakıda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə Aqrobiznesin İnkişafı Forumu keçirilir. Tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin rəhbər şəxsləri, hər iki nazirliyin tabeli qurumlarının, FAO-nun Azərbaycan nümayəndəliyinin, Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin təmsilçiləri, Mərkəzi Bankın, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
İki gün davam edəcək forumun keçirilməsində məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahənin davamlı inkişafı təmin edilib. Bu ilin yanvar-noyabr ayları ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz, məhsul ixracı 13 faiz artıb.
Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, gələn ilin may ayında Azərbaycanda İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının dəstəyilə “Orqanik qida” forumu keçiriləcək. Eyni zamanda, dövlət-özəl tərəfdaşlığı, xüsusən də kənd yerlərində biznes və aqrar sahədə maliyyə əlçatanlığı ilə bağlı təkliflər barədə məlumat verib.