Naxçıvanda yeni istehsal müəssisələrinin təqdimatı olub
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan “Tudor Logistik və Sənaye Mərkəzi” əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Burada qənd istehsalı və şəkər tozunun, dənli bitkilərin və çayın qablaşdırılması bölmələri yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müəssisəni işə salmışdır.
İllik istehsal gücü 4880 ton olan müəssisədə qənd, şəkər tozu, dənli bitkilərin və çayın qablaşdırılması olmaqla, 57 çeşiddə məhsul istehsal olunacaqdır. İstehsal sahəsi ilə yanaşı, hazır məhsul və xammal anbarı, yeməkxana, 5 iş otağı, iclas zalı, laboratoriya və digər xidməti otaqlarda vardır. Müəssisədə yaradılan anbarda strateji ərzaq məhsullarının saxlanması təmin ediləcəkdir ki, bu da əhalinin və yerli istehsal müəssisələrinin bu məhsullara olan tələbatının fasiləsiz təmin edilməsinə və daxili bazarın qorunmasına töhfə verəcəkdir. İstehsal olunan məhsulların muxtar respublikanın tələbatını ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da satışı nəzərdə tutulur.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir, mövcud resurslar istehsala cəlb edilir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov sahibkarlar adından minnətdarlıq etmişdir.