skip to Main Content

Azərbaycan sahibkarlığını uca zirvələrə aparan lider

Azərbaycan Sahibkarlığını Uca Zirvələrə Aparan Lider

Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkəni ziddiyətlər burulğanından xilas etdi və dünyada gedən siyasi prosesslərə peşəkar təsir imkanlarından istifadə edərək Azərbaycanda zamanla səsləşən yeni iqtisadi strategiyanın əsasını qoydu.

Ulu öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin Azərbaycana rəhbərllik etdiyi 18 ildə respublikamız bütün sahələrdə özünün dinamik inkişafı ilə dünya birliyinin diqqət mərkəzində olmuş və bu şərəfli tarixin hər gün yeni, daha parlaq səhifələri yazılır. Bu illər ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır.

Bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadimi olan İlham Əliyev ötən 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən ilk fateh dövlət başçısıdır. Bir il öncə “Qarabağ Azərbaycandır və nida işarəsi”, bəyan edən Ali Baş Komandanın taktiki strategiyası, müdrik qərarları, Müzəffər Ordusu sayəsində hazırda “Qarabağ Azərbaycandır!” bəyanatı gerçək və real bir həqiqətdir.

Azərbaycanın böyük Qarabağ zəfərinə nail olmasında  əsas komponentlərdən  biri Azərbaycan iqtisadiyyatının inkişafıdır ki, bu konsepsiyanın əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”, – deyən Azərbaycanın dahi rəhbəri güclü ölkənin bünövrəsini qoyacaq iqtisadi islahatlara başlamış və böyük dövlətlərin Azərbaycanda iqtisadi maraqlarını balanslaşdıran “Əsrin Müqaviləsinin” imzalanmasına nail olmuşdur. Beləliklə, Azərbaycan Avropanın, Qərbin enerji təhlükəsizliyində söz sahibinə çevrilmiş və iqtisadi inkişafın, dövlət müstəqilliyinin möhkəm təminatının  bünövrəsi qoyulmuşdur. Azərbaycanın bu uğurlarını davam etdirən İlham Əliyev peşəkar siyasətçi, diplomat kimi atası – ulu öndər Heydər Əliyevin Qarabağı işğaldan azad etmək vəsiyyətini gerçəkləşdirmək üçün böyük daxili islahatlar apardı, ölkəmizin strateji müttəfiqi olan Türkiyə ilə bütün sahələrdə əlaqələri daha yüksəklərə daşıdı.

Azərbaycanın iqtisadi qüdrətinin analoji davamı olaraq, ölkənin hərbi büdcəsi də artdı və burada məhz ordu quruculuğunu, Dəmir Yumruğumuzun formalaşmasını qeyd etməliyik. Azərbaycanın hərb arsenalının müasir silahlarla təchiz olunması, Azərbaycan ordusunun şəxsi heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların təhsil almasına xüsusi diqqət yetirilməsi, xaricdə təhsil alan zabit heyətinin formalaşdırılması, birgə təlimlərin keçirilməsi Azərbaycanın Şanlı Ordusunun güclənməsinə nail olmuş, nəticədə Azərbaycan ordu quruculuğunda böyük uğurlara nail oldu və beşinci nəsil döyüşəbilən, müasir silah arsenalına malik bir Milli Ordumuz formalaşdı.

Digər səbəb uğurlu xarici siyasət amilidir ki, güclü iqtisadiyyat və qüdrətli ordunun formalaşmasından sonra qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün çox mühüm əhəmiyyət daşıyırdı. Burada biz təməli ulu öndər tərəfindən qoyulan balanslaşdırılmış xarici siyasətin uğurla davam etdirilməsini qeyd edə bilərik. Biz yaxın qonşularımız Rusiya, İran ilə münasibətləri qoruyub saxlayaraq, Türkiyə ilə münasibətlərlərimizi artıq strateji müttəfiqlik, qardaşlıq səviyyəsinə qaldırmışıq. Təsadüfi deyildir ki, “Can Azərbaycan” kəlməsi ilə Azərbaycan xalqına müraciət edən Türkiyənin dövlət başçısı Rəcəp Tayyip Ərdoğan Azərbaycan prezidentinə “Dostum, qardaşım, şəxsinə böyük hörmətim olan İlham Əliyev”, – deyə xitab edir. Bu əlbəttə, Türkiyə-Azərbaycan münasibətlərində ən yüksək mərhələdir. Eyni zamanda, İlham Əliyev Avropa Birliyi ilə güclü ticari əlaqələrimizin qurulmasında, xüsusilə də Avropanın şərq ölkələri ilə münasibətlərin  daha möhkəm olmasına böyük töhfələr verib, nəticədə onların enerji təhlükəsizliyində Azərbaycan müstəsna yer tutur. Xatırladaq ki, həmin dövlətlərin bir çoxu Avropa Birliyinin, NATO-nun üzvüdür və bu qurumlarda tərəfdaşların olması Azərbaycana əlavə siyasi monevr imkanları yaradır. Diqqət yetirsəniz, Azərbaycan “Qoşulmama hərəkatı”ndan başqa, heç bir regional, hərbi birliklərə üzv olmur və öz baxışlarında daha çox ikitərəfli münasibətlərin qurulmasına tərəfdardır.

Vətən müharibəsi dövründə dünyanın böyük gücləri, həmçinin türkdilli dövlətlər, eyni zamanda Ukrayna, İsrail, Pakistan kimi müttəfiqlər, eləcə də digər Şərqi Avropa ölkələri məhz uğurlu iqtisadi-siyasi münasibətlər nəticəsində bizə Qarabağın azad olunmasında siyasi və mənəvi dəstək verdilər.

Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək, Qarabağımızın azad olunması uğrunda bütün səylərini ortaya qoydu və öz qəhrəmanlığı ilə dünyanı yaxşı mənada təəccübləndirdi. Nəticədə Qarabağ məsələsində Azərbaycan xalqı siyasi, həlledici, qərarverici bir səviyyəyə yüksəldi. Cənab prezidentin özünündə dəfələrlə qeyd etdiyi kimi,  Azərbaycan xalqının bu birliyinin təcəssümü olan “Dəmir Yumruq” düşmənin başına endirildi, 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini işğalda saxlayan Ermənistan ordusu darmadağın oldu. Vətənpərvər, rəşadətli Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca rayon və kəndlərimizi, eyni zamanda, noyabrın 8-də Qarabağın ürəyi olan Şuşa şəhərini düşmən tapdağından qurtardı. Keçən ilin noyabrın 10-da düşmənin imzaladığı kapitulyasiya bəyanatına əsasən ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı təmin edildi, bununla da doğma torpaqlarımızdan didərgin düşən məcburi köçkünlərimizin, ümumiyyətlə, bütövlükdə Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu.

Azərbaycanın Vətən müharibəsindəki möhtəşəm Qələbəsinə həsr olunmuş, ötən il dekabrın 10-da təşkil edilən Zəfər paradının keçirilməsindən bir il vaxt ötür.

Çox qısa zaman ərzində təşkil olunan parada hazırlıq işlərinə Ermənistanın kapitulyasiya aktı imzalamasından dərhal sonra başlanılmışdı. Şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış müharibənin bitməsindən cəmi bir ay sonra keçirilən parad əvvəlkilərdən tam fərqli, qeyri-adi idi. Çünki bu parad Qələbə paradı idi. Bu paradda Azərbaycan işğalçı Ermənistan üzərində qazandığı qələbəni, torpaqlarımızın ərazi bütövlüyünün öz gücümüz hesabına təmin edildiyini dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi və mükəmməl siyasi bacarıqları sayəsində əldə edilən bu möhtəşəm qələbə tariximizə qızıl hərflərlə yazıldı.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, Fərman və Sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını  və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir.

Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökümət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuş, qəbul olunan dövlət proqramlarının icrası, həyata keçirilən kompleks islahatlar ölkəmizdə sabitliyi və davamlı inkişafı təmin etmişdir. Əhalinin həyat səviyyəsi yüksəlib, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların tarazlı inkişafına nail olunmuş, sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Ötən ay Bakıda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirak etdiyi 8-ci Qlobal Bakı Forumunda Azərbaycan reallıqları ilə bağlı səslənən fikirlər İlham Əliyevin yürütdüyü siyasətə verilən yüksək qiymətin təzahürü idi.

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  8-ci Zirvə Görüşündə Azərbaycan Prezidenti haqqında səslənən fikirlər, həmçinin İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi dövlət başçımızın dediyi kimi, bu, Azərbaycan xalqına verilmiş ən böyük dəyər idi.

Ordeni təqdim edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə diqqət edək: “Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa bir müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan Birləşmiş Millətlər Təşkilatı  Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.  Bu, dostcasına səslənən səmimi fikirlər idi.

Noyabrın 26-da Soçidə Prezident İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.

Dövlətimizin başçısına yüksək münasibət onun qarşılanmasından başladı. Vladimir Putinlə İlham Əliyevin görüş səhnəsi əsl dostlara məxsus olan bir görüntü idi. İkitərəfli görüş hər iki dövlətin regiondakı sülhə 10 noyabr və 11 yanvar bəyanatlarına tam bağlılığını ortaya qoydu. İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi məhz Soçidə bir daha özünü göstərdi. Görüşün ən önəmli tərəflərindən biri Kremlin rəsmi Bakı ilə, demək olar ki, bütün məsələlərdə ortaq fikri daşıması oldu.  İlham Əliyev Soçidə öz regionunun söz sahibi, lideri kimi qarşılandı və Kreml Azərbaycanın mövqeyini birmənalı şəkildə qəbul və təsdiq etdi.

İki gün sonra, noyabrın 28-də cənab İlham Əliyev yüksək əhvali-ruhiyyədə Türkmənistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə qatıldı. Azərbaycanın xilaskar lideri həm toplantıdakı çıxışında, həm də üzv dövlətlərin liderləri ilə təkbətək görüşündə bir daha regionda yaranmış yeni reallıqları qiymətləndirdi və dost-qardaş ölkələri Qarabağa, Şərqi Zəngəzura investisiya yatırmağa, birgə işbirliyinə dəvət etdi.

Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə  Prezident İlham Əliyev  qeyd etdi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İlham Əliyev əmin olduğunu bildirdi ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Postmüharibə dövrü yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradılır.

Təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, Prezidentin söylədiyi kimi, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın deyil digər qonşu ölkələrin də maraqlarına cavab verən bu proseslə Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.

Bir il ərzində icra olunan layihələrə diqqət yetirdikdə əminliklə deyə bilərik ki, Qarabağ tezliklə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən biri olacaq. Ona görə ki, bu yerlər təbiət etibarilə çox səfalıdır. Həm də ona görə ki, burada bərpa-quruculuq işləri müasir dünya standartlarına uyğun icra edilir. Məsələn, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri insanların ətraf mühitə ziyan vurmadan yaşamasına hesablanıb.

Bölgənin bərpa-quruculuq işlərinə infrastruktur layihələrindən başlanılıb və bu, təsadüfi deyil. Çünki mükəmməl infrastruktur yaratmadan iqtisadiyyatın bərpası və insanların məskunlaşması mümkün deyil. Odur ki, indiyədək yüz kilometrlərlə avtomobil yolunun çəkilməsi istiqamətində xeyli iş görülüb. Tarixi “Zəfər” yolunun çəkilməsi təkcə infrastruktur layihəsi deyil, şanlı qələbəmizə qoyulan abidədir. İndi işğaldan azad olunan ərazilərdə dəmir yolu çəkilir, Zəngilan Hava Limanında tikinti işləri aparılır.

Bir sözlə, bütün bunlarla Prezident İlham Əliyev regionda yaranmış yeni reallıqlara uyğun əməkdaşlıq təkliflərinə hər zaman açıq lider olduğunu bir daha təsdiqləyir.

Azərbaycan sahibkarları əmindirlər ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağımızı yenidən dirçəldəcək, insanların öz doğma yurdlarına dönməsinə nail olunacaqdır. Bu sahədə dövlətlə özəl sektor arasında dialoqun, əməkdaşlığın olması da xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin qərarı ilə Qarabağda iş qurmaq istəyən sahibkarların təkliflərini toplamaq məqsədilə işçi qrupu yaradılmış və sahibkarların təqdim etdiyi təkliflər hökumətə təqdim edilmişdir. Bununla bağlı artıq bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar “Yeni memarlıq”, “Ağıllı şəhər”, “Ağllı kənd”, “Yeni iqtisadiyyat” və digər layihələridir.

Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə ölkə Prezidentinin müvafiq Fərmanları ilə “YAŞAT” Fondu və “Qarabağ Dirçəliş Fondu”  yaradılmışdır.

Ölkə ictimaiyyətinin böyük rəğbətlə qarşıladığı bu fərmanlardan sonra həmin Fondlara ianələrin köçürülməsində Azərbaycan sahibkarları aktivlik göstərirlər.

Azərbaycan Ordusuna və xalqına arxalanan İlham Əliyev Azərbaycanın dövlət sərhədlərini bərpa edən, 30 illik işğala son qoyan, Qarabağa azadlıq-sülh-rifah gətirən Ali Baş Komandandır. Bu yolda onun həm ön cəbhədə yoldaşı, həm də mənəvi sirdaşı olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da əməyi böyükdür.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən, insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır.

Mehriban xanım Əliyeva ulu öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən bir dövlət xadimi olmaqla yanaşı, milli dəyərlərə böyük sevgisi, humanizmi, nəcib xanımlığı ilə xalqımızın qəlbində dərin ehtiram qazanıb.

İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır.

Heydər Əliyev irsinin uğurla davam etdirilməsində, qələbələr qazanmasında Mehriban xanım Əliyevanın da böyük fədakarlığı, layiqli xidmətləri vardır. Mehriban Əliyevanın dahi şəxsiyyətin adını daşıyan fondun rəhbəri kimi ölkə və dünya miqyasında həyata keçirdiyi mərhəmət aksiyaları, sosial layihələr Heydər Əliyevin əbədiyaşar ruhuna ən böyük ehtiram nümunələridir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu qısa müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış Mehriban xanım, Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmasının qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir.

2021-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində də Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır.  Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşmış, dünya üzrə orta göstəricidən yuxarı və Avropa ölkələri səviyyəsində nəticə göstərmişdir.

Belə ki, Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayaraq, Avropa regionunda 45 ölkə arasında 23-cü yerdə qərarlaşmış, onun ümumi balı regional orta göstəriciyə bərabər və  dünya üzrə orta göstəricidən yüksək olmuşdur.  Bu yüksəlişə isə əsas etibarı ilə bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri ilə nail olunub.

Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.

Məlum olduğu kimi, son iki ildə bütün bəşəriyyət görünməz bir düşmənlə- koronavirus pandemiyasına qarşı mübarizə aparır. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmış, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynamışdır.

Təsədüfü deyil ki, Koronavirus Pandemiyasının təsirindən yaranmış dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı bir vaxtda, ölkəmiz qlobal böhranın təsirindən maksimum  qorunmuş, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etmişdir. Belə ki, keçən dövr ərzində dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq olmuşdur.

Prezidentin təşəbbüsü ilə təsis edilmiş Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi və işçilərin ixtisar olunmaması ilə bağlı çağırışlara sahibkarlar da qoşularaq cəmiyyətində yüksək həmrəylik nümayiş etdirmişlər.

Belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salmış, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə  güzəştlər tətbiq etməyə başlamışdır. Qanun layihəsinə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci ilin əmlak və torpaq vergisindən azad edilmişlər.

Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.

Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində Ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur.

Belə ki, 2021-ci ilin altı ayında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9 faiz artaraq 640,4 min, ƏDV ödəyicilərinin sayı 8,9 faiz artaraq 31,7 min, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8 faiz artaraq 176,8 min  təşkil etmişdir ki, bu da sahibkarlıq subyektlərinin sayının artımının real göstəricisidir.

Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Azərbaycan Respublikasında 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

2021-ci ilin 10 ayı ərzində   ölkədə 71,6 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal olunması, İqtisadiyyatın qeyri neft-qaz sektorunda  əlavə dəyərin 5,9 faiz artması qeyri-neft sektorunda sahibkarlığın inkişafının real göstəricisidir.

Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Qeyd olunmalıdır ki, bu prosesin dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilir.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən İqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində 2021-ci ilin 6 ayında 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 43 milyon manat güzəştli kredit verilmişdir ki,  bu da 1160 yeni iş yerlərinin açılmasına şərait yaratmışdır.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və digər xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminar, konfranslar keçirir və sahibkarların hüquq, vəzifələrinin qorunması istiqamətində mütamadi olaraq iş aparılır.

Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Azərbaycan Hökuməti, Azərbaycan Həmkarlar Konfederasiyası və  Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabər hüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər ücün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandaki və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında köməklik göstərir.

Cari ildə beynəlxalq və regional təşkilatlarla birgə keçirilən 30-dan çox tədbirdə, xarici ölkələrin diplomatik nümayəndəlikləri və donor təşkilatları ilə keçirilən 21 görüşün əsas mövzularından biri də Qarabağın iqtisadi imkanları və inkişafı potensialı olmuşdur.

Cari ilin  sentyabr ayında Türk Şurası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirlən Türk Şurasına üzv dövlətlərin İqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində Azərbaycanın azad edilmiş Qarabağ bölgəsinin bərpası və inkişafına həsr olunmuş Türk Biznes Forumu təşkil olunmuş, Forum çərçivəsində ASK ilə Qazaxıstan Respublikasının “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

Həmin dövrdə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi cənab Yusif Həsən Xələvinin ölkəmizə səfəri Sahibkarlar Konfederasiyası tərəfindən təşkil olunmuş və  2022-ci ilin may ayında Azərbaycanda keçirilməsi planlaşdırılan “Dayanıqlı Kənd Təsərrüfatı” mövzusunda Beynəlxalq Forumun təşkili və bioloji təmiz məhsulların yetişdirilməsində Qarabağ torpaqlarının potensialı məsələsi müzakirə edilmişdir.

2021-ci il noyabr 10-da Türkdilli ölkələrdən 300-dən çox sahibkarın iştirakı ilə  Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən  Türk Ticarət və Sənaye Palatasının 3-cü Baş Assambleyasında və Türk Biznes Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2021-ci il dekabrın 2-də Çin Beynəlxalq Ticarət Palatasının və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə “2021 Kəmər və Yol Ticarət və İnvestisiya Forumu”nda Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı və əsas sessiyada video-müraciətin səsləndirilməsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

10 dekabr 2021-ci il tarixində hər iki ölkədən 100-dən çox sahibkarın iştirakı ilə keçən Azərbaycan-Özbəkistan Biznes Şurasının onlayn formatda ikinci iclasında ölkələrimiz arasında ticarət dövriyyəsinin hazırkı vəziyyəti və qarşılıqlı investisiya yatırımı ilə bağlı təqdimatlar olmuş, xüsusən də Qarabağda pambıqçılığın, həmçinin ölkəmizdə dəri emalı müəssisələrinin inkişafı mövzuları ətrafında müzakirələr aparılmışdır.

Bütün bunlarla yanaşı ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə Konfederasiyaya üzv sahibkarların iştirakı ilə xarici ölkələrdə 8 görüş təşkil edilmiş, rayon nümayəndələri ilə 20 görüş keçirilmiş, Konfederasiyanın tabeliyində olan komissiyaların 17 iclasında iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı məsələlər təhlil edilmişdir. Sahibkarlardan daxil olan müraciətlərə baxılaraq, onların qaldırdığı məsələlərlə bağlı müvafiq dövlət orqanları ilə birgə araşdırmalar aparılmışdır. Azərbaycanda quşçuluğun inkişafı ilə bağlı Tədbirlər Planı hazırlanmış, baxılması üçün Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyinə təqdim olunmuşdur. Eləcə də, “Vergi Məcəlləsi”ndə dəyişikliklər, tikintidə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, “Şagirdlik müqaviləsi” ilə əlaqədar hazırlanmış qanunvericilik layihələri ilə bağlı Konfederasiya bir sıra təkliflərlə çıxış etmişdir.

Sahibkarların marifləndirilməsi və məlumatlandırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində sahibkarlara 43 həftəlik məlumat bülleteni, hüquqi qanunvericiliklə bağlı yeniliklərin izahını əhatə edən 7 hüquqi icmal təqdim edilmişdir. Sahibkarların dövlət dəstək tədbirləri haqqında məlumatlılığını yeksəltmək, eləcə də Qarabağda yaradılan yeni iqtisadi zonalar, sənaye parkları və s. mövzuların daha geniş və analitik səpkidə təqdim edilməsi üçün “Biznes Həyatı” jurnalının 27 və 28-ci sayları dərc edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı, 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial -iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının “2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası” hazırlanmışdır.

Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən il Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması Qurtuluş günündən sonra tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan növbəti böyük Zəfərdir.

Məlumdur ki, hazırda bütün dünyada iqtisadi inkişaf zəifləyib və bəzi böyük dövlətlərdə resessiyaların şahidi oluruq. Buna baxmayaraq, Azərbaycan 2021-ci ilə iqtisadi inkişaf hədəflərini açıqlayıb və qarşıda ölkə iqtisadiyyatını yenidən qaldırmaq, inkişaf etdirmək, 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şanlı missiya dayanır. Bu məqsədlə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti artıq müvafiq infrastruktur işlərinə başlayıb. Bütün müharibə dövründə ölkə başçısının ətrafında sıx birləşərək “Dəmir Yumruğ”un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirirlər. Bu məqsədlə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da öz növbəsində üzv olduğu beynəlxalq təşkilatlar, xaricdə yaşayan azərbaycanlı iş adamları, eləcə də milli sahibkarlarımızın potensial imkanlarından istifadə etmək məqsədilə geniş tədbirlər görür. Bu gün Qarabağda sökülüb viran qoyulan, iqtisadi infrastrukturu dağılan bütün obyektləri birlikdə tikmək əzmindəyik.

Bir ölkəninPrezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq,onun hörmət və ehtiramını qazanmaq daha böyük bəxtəvərlikdir. İlham Əliyev, özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və iftixarının ilham mənbəyi oldu.

Öz ölkəsinə şanlı Zəfər bayramını və xoşbəxtliyi bəxş edən Prezident İlham Əliyevə xalqımızın sevgisinin, vurğunluğunun, hörmət və ehtiramının miqyasını təsəvvür etmək çətindir.

Bu gün azərbaycan sahibkarları ürəkdən inanır ki, tarixi qələbədən sonra respublikamız daha sürətlə inkişaf edəcək və qısa zamanda cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulacaqdır.

Bu günlərdə 60 illik yubileyini qeyd edən dövlət başçımız ötən illərdə hər kəsə örnək ola biləcək olduqca zəngin, mənalı və qalib bir həyat yolu keçmişdir. Fürsətdən istifadə edərək çoxminlik Azərbaycan sahibkarları adından dövlət başçısını yubiley münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı, xalqımızın rifahı, Qarabağımızın çiçəklənməsi naminə fədakar fəaliyyətində uğurlar arzulayırıq.

Sizinlə fəxr edirik, Cənab Prezident!

 

 Məmməd Musayev

Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının Prezidenti

Back To Top