Amman şəhərində İordaniya-Azərbaycan İnvestisiya Forumu keçirildi
17 aprel 2022-ci il tarixində İordaniyanın paytaxtı Amman şəhərində İordaniya-Azərbaycan İnvestisiya Forumu keçirilmişdir. Forumda, İordaniyanın İnvestisiya naziri Kheiry Amr, İordaniya Biznes Assosiasiyasının sədri Hamdi Tabbaa, KOBİA İdarə heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Eldar Səlimov və İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Sami Abdullah Ghosheh salamlama nitqləri ilə çıxış ediblər.
Daha sonra, İordaniya və Azərbaycanda mövcud olan investisiya imkanları, eləcə də hər iki ölkədən Forumda iştirak edən şirkətlər haqqında təqdimatlar olmuşdur. Öz növbəsində, Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsinin baş mütəxəssisi Ehtiram Müslümov təqdimatla çıxış etmişdir.
Forum çərçivəsində, İordaniya və Azərbaycanda sektorlar üzrə investisiya imkanları, azad iqtisadi zonalar və sənaye parklarına dair geniş fikir mübadiləsi aparılmışdır.
Tədbir zamanı, ASK nümayəndəsi İordaniya Biznes Assosiasiyasının baş direktoru Tariq Hijazi, Aqaba Otellər Assosiasiyasının sədri Salahaldeen Al Beetar və digər qonaqlarla görüş keçirmişdir.
Bununla yanaşı, İordaniya Biznes Assosiasiyası ilə KOBİA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.