Goranboy rayonunda “Sahibkarlar Günü” qeyd edilib
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilir.
Bu günün böyük ruh yüksəkliyi ilə qeyd olunduğu bölgələrimizdən biri də Goranboy rayonudur. Ənənəvi olaraq Sahibkarlar Günü ərəfəsində Goranboy rayonunda Biznes forum keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Forumda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, ziyalılar, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Məhərrəm Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan verib. Dahi rəhbərin 2002-ci il aprelin 25-də Prezident sarayında yerli sahibkarlarla görüşü də iş adamlarının yaddaşında silinməz iz salmışdır. Məhz, həmin tarixi görüş Azərbaycanda sahibkarlığın inkişafında mühüm addımların atılması üçün təkan olub.
“Sahibkar arxasında dövlətin durduğunu hiss etdi, yeni iş yerlərinin açılmasında, müasir texnologiyanın ölkəyə gətirilməsində maraqlı olan dövlət isə belə fəaliyyəti təqdir etdi. Günün reallığı budur. Sahibkarlara olan rəğbətin əsasını isə onların dövlətin möhkəmləndirilməsi, işsizliyin azaldılması, büdcə gəlirlərinin artmasında oynadığı rol dayanır. Əgər bir sahibkar öz fəaliyyəti ilə həm büdcəyə gəlir gətirir, həm yeni iş yerləri açır, ölkəyə yeni texnologiyalar gətirir, həm də insanların tələbatının ödənilməsində müəyyən rol oynayırsa nədən ona qayğı və diqqət göstərilməsin?!”, – deyə icra başçısı qeyd edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxışında “Sahibkarlar Günü”nün təsis olunmasını ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsi adlandırıb.
“Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir. Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir”, – deyə Konfederasiyanın vitse-prezidenti bildirib.
Görüşdə iş adamları, sahibkarlar çıxışlarında onlara yaradılmış imkanlardan, çətinliklərin həlli istiqamətində yerli hakimiyyət orqanlarının diqqət və qayğısından danışıblar. Qeyd olunub ki, son illərdə Goranboy rayonunda sahibkarlığın inkişafına göstərilən qayğı onların daha geniş fəaliyyətinə imkan yaratmışdır.
Tədbirin sonunda fəaliyyəti ilə fərqlənmiş 8 nəfər yerli sahibkar müxtəlif nominasiyalar üzrə diplomlarla və Goranboy Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər. İl ərzində fəaliyyəti ilə daha çox fərqlənmiş sahibkar Xaliq Mustafayevə “İlin sahibkarı” diplomu təqdim olunub.