KOB DOSTları ilə Konfederasiyanın rayon nümayəndələri regionlarda özəl biznesin inkişafını müzakirə ediblər
Azərbaycan Sahibkarlar Konfederasiyası rayonlarda işləyən sahibkarların dəstəklənməsi, onların fəaliyyətinin inkişafına kömək edə biləcək dövlət tədbirləri barədə məlumatlılığı yüklətmək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərkibində fəaliyyət göstərən KOB DOSTU ilə əməkdaşlığı genişləndirir. Bu məqsədlə Konfederasiyanın rayon nümayəndələri ilə həmin rayonlarda işləyən KOB DOSTları arasında əməkdaşlığın qurulması üçün silsilə görüşlər keçirilib.
Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, Azərbaycanın 48 rayonunda nümayəndələr işləyir. Bu nümayəndələrin dövlət-özəl dialoqunda iştirakını yüksəltmək məqsədilə KOB DOSTları ilə birgə çalışması məqsədəuyğundur və daha effektiv nəticələr verə bilər.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Kiçik və Orta Biznesin Dostu Departamentinin müdiri Elnur Əliyev bu görüşlərin rayonlarda sahibkarlığın inkişafına öz töhfəsini verəcəyini bildirib.
Görüşlərdə Quba-Xaçmaz, Masallı-Lənkəran, Gəncə-Qazax, Dağlıq Şirvan-Aran, Qarabağ üzrə nümayəndələr və KOB DOSTları mövcud vəziyyət və qarşıya çıxan çətinliklər, onların həlli ilə bağlı müzakirələr aparıb, təkliflər irəli sürülüb.