skip to Main Content

Türkiyənin Körfəz Ticarət və Sənaye Palatasına daxil olan iş adamları azərbaycanlı sahibkarlarla B2B görüşlər keçirdilər

Türkiyənin Körfəz Ticarət Və Sənaye Palatasına Daxil Olan Iş Adamları Azərbaycanlı Sahibkarlarla B2B Görüşlər Keçirdilər

Körfəz Ticarət və Sənaye Palatasına (Koceli bölgəsi) daxil olan iş adamları Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə ikitərəfli görüşlər keçiriblər.

Görüşü açan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Əzimov Türkiyəli sahibkarları salamlayaraq, ortaq işbirliyimizin ölkələrimiz və xalqlarımız üçün yaxşı nəticələr verəcəyini bildirdi.

Körfəz Ticarət Palatası İdarə heyətinin sədri Recep Öztürk Körfəz bölgəsinin sakinlərinin əvvəlcə əkinçiliklə məşğul olduqlarını, hazırda isə Türkiyənin ən böyük sənaye bölgələrindən biri kimi ilk beşliyə düşdüyünü söyləyib. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin yüksəlməsində ticarət əlaqələrinin inkişafı üçün sahibkarların rolu barədə məlumat verib.

“Hər iki ölkəyə ticarətin səviyyəsini yüksəltmək vacibdir. Ticarətin asanlaşdırılması üçün araşdırmalara başlanılıb”, – deyə Recep Öztürk bildirib.

Sonra Türkiyənin Körfəz Ticarət Palatasının video-təqdimatı olub. Azərbaycan Sahibkarlar Konfederasiyasının təqdimatı ilə baş katibin müavini Fuad Hümbətov çıxış edib.

Qeyd edək ki, yüksək səviyyəli heyətə Türkiyə Respublikası Ticarət Nazirliyi İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsinin şöbə müdiri, Körfəz Bələdiyyə Sədrinin müavini, Dəniz Ticarət Palatasının prezidenti, Körfəz Ticarət Palatası İdarə heyətinin sədri və Körfəz Ticarət Palatası Rəyasət heyəti rəhbəri daxil idi.

B2B görüşlərdə iştirak edən şirkətlər tikinti, memarlıq, nəqliyyat, enerji, vəkillik, dənizçilik, rabitə, texnologiya, əməyin mühafizəsi və təhlükəsizliyi, reklam, maşınqayırma kimi sektorları əhatə edib.

Back To Top