Özbəkistanın nazir müavini Azərbaycan Sahibkarlar Konfederasiyasında sahibkarlarla görüşdü
İyunun 17-də Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət nazirinin birinci müavini Laziz Kudratov ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının qonağı olub. Görüşdə sahibkarlar və Konfederasiyanın icra aparatının nümayəndələri iştirak ediblər.
O, iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana olacaq rəsmi səfərinin qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açacağını bildirib.
“İyunun 20-də Daşkənddə Azərbaycan və Özbəkistan biznesmenləri arasında böyük biznes forum olacaq. Artıq bəzi ikitərəfli danışıqlar müsbət nəticə verib və Özbəkistanda forum zamanı bir neçə sahibkarlıq subyekti arasında müqavilələrin imzalanması gözlənilir”, – deyə L.Kudratov qeyd edib.
Qeyd edək ki, iyunun 21-də Bakıda Özbəkistan və Azərbaycandan olan iş adamları arasında B2B görüşlər gözlənilir.
L.Kudratov eyni zamanda qeyd edib ki, ötən 5 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 5 dəfə artıb. Eyni zamanda sentyabr ayında Özbəkistanda keçiriləcək Beynəlxalq sərgidə Azərbaycan sahibkarları üçün ayrıca stend ayrılıb və azərbaycanlı sahibkarlar həmin stenddə öz məhsullarını təqdim edə bilərlər.
Nazir müavininin sözlərinə görə, əlavə dəyər zənciri yaradan məhsulların birgə istehsalı üçün Azərbaycanda bir neçə iri şirkətlərlə artıq danışıqlar aparılıb. Tikinti materiallarının, eləcə də şərabçılıqla bağlı Azərbaycanla əməkdaşlığa Özbəkistan sahibkarları çox maraqlıdırlar. Özbəkistanın qızıl ixracında dünyada 5-ci yerdə olduğunu vurğulayan L.Kudratov bu sahədə Azərbaycanın potensialını da yüksək qiymətləndirdiyini söyləyib.
O, eyni zamanda logistika imkanlarını inkişaf etdirmək üçün böyük potensialların olduğunu və Özbəkistan sahibkarlarının Ələt azad iqtisadi zonasına maraq göstərdiklərini qeyd edib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizin investisiya imkanları, ixrac təşviq güzəştləri, işğaldan azad edilmiş torpaqlarımızda sahibkarlığın inkişafı perspektivləri haqqında məlumat verib.
Görüşdə iştirak edən sahibkarlar isə Özbəkistanda həyata keçirdikləri layihələr, maraqlı olduqları tenderlər həmçinin bəzi məsələlər barədə nazir müavininə müraciət ediblər. Qaldırılan məsələlər üzrə yerindəcə tapşırıqlar verilib.
Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət nazirinin birinci müavini Laziz Kudratov çox işgüzar şəkildə keçən görüşü təşkil etdiyi üçün Azərbaycan Sahibkarlar Konfederasiyasına öz təşəkkürünü bildirib.